Elxan Süleymanov - "Ermənistanın isteriya vəziyyəti səngimək bilmir"

09.03.2016 12:46     Siyasi reaksiya     1199

"AŞPA-nın 2085 saylı qətnaməsilə Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır".

 

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov sözügedən qurumun üzvlərinə ünvanladığı məktubunda qeyd edib. Onun qeyd etdiyinə görə, məlum qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmir. O, qeyd edib ki, adıçəkilən ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər: “Bu dəfə AŞPA-nın  yeni prezidenti Pedro Aqramunt  Ermənistanın “həqiqət carçılarının” hədəfinə tuş gəlib. Belə ki, cənab Aqramuntun fevral ayında Avropa Şurası Nümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya rəsmi səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddət ərzində beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan edib. AŞPA prezidentinin bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA prezidentinin öz vəzifəsindən xəbərsiz” olduğu bildirilib, Aqramunt “Azərbaycanın maraqlarına xidmət edən” adlandırılmış və onun ünvanına heç bir əsas olmadan təhqiredici ifadələr işlədilib.Məntiqi sual ortaya çıxır: Nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri cənab Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırlar?! Çünki, AŞPA prezidenti Pedro Aqramunt  qətnamədə təsbit edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsini dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirmiş oldu. Bununla da 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan etdi. Bu Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biridir". 

 

E. Süleymanov həmçinin deyib ki, bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti  Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə edib: "Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlib.Nəhayət, Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır. Bu ölkənin rəsmi təmsilçiləri hər vəchlə öz işğalçılıq əməllərini gizlətmək üçün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin saxlanılmasına və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin gecikmiş də olsa, siyasi-ictimai, elmi dövriyyədə öz təsdiqini tapmasının qarşısını almağa çalışırlar. Biz isə 2085 saylı qətnamə ilə bu sindromu sındırmaqda israrlı olmalıyıq”.

 

 

(Teleqraf.com)

Şərhlər

Çox oxunanlar