IV Bakı Qlobal Forumu - müharibələrə Azərbaycanda son qoyulur

10.03.2016 17:15     Siyasi reaksiya     1132

Bu gün çoxqütblü dünyaya doğru mövzusunda IV Qlobal Bakı Forumu işinə başlayıb.



Publika.az xəbər verir ki, forumda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq. Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edir.



Hazırda Yaxın Şərqdə gedən müharibələr, Avropanı bürüyən miqrant problemi və digər problemlər məhz millətlərarası və dinlərarası qarşıdurmanın nəticələri olaraq qiymətləndirilir. Belə bir vaxtda dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Bakıya toplaşması və ortaq dil tapılması istiqamətində apardıqları müzakirə əhəmiyyətlidir.



Politoloq Elxan Ələsgərov Publika.az-a açıqlamasında bildirib ki, IV Qlobal Bakı Forumunun keçirilməsi dünyada multikulturalizmin alternativinin olmadığını göstərir.



Onun sözlərinə görə, bu forum dünyada sülh tərəfdarlarına böyük dəstəkdir.



Politoloq bu forumun Bakıda keçirilməsinə diqqət çəkib: “Azərbaycan qədim dövrlərdən sivilizasiyaların məskəni olub. Burada müxtəlif dinlərin möhkəm dayaqları olub. Atəşpərəstliyin, Zərdüştlüyün qədim mərkəzi hesab edilən Atəşgah məbədi Bakıda, Suraxanıdadır. Azərbaycan, həmçinin yəhudiliyin də qədim məskənlərindən biri hesab edilir. Daha sonra burada xristianlıq kök salıb və Qafqazda tikilən ilk xristianlıq abidəsi də Azərbaycanda, Şəkinin Kiş kəndində yerləşir. Son olaraq burada mütləq çoxluq qazanan müsəlmanların Qafqazda ilk tikilən məscidləri, İslam abidələri də Azərbaycandadır. Bu, dini tolerantlığın nümunələridir”.



Elxan Ələsgərov Azərbaycanın milli tolerantlıq nümunəsi olduğunu da qeyd edib.

“Azərbaycanda hər bir millətin, etnik azlıqların nümayəndəsi qədim dövrdən indiyədək həmişə rahat yaşaya bilib. Azərbaycan dini və milli sivilizasiyaların qovuşduğu bir yerdir. İndiyədək Azərbaycandakı bütün münaqişələr xarici qüvvələr tərəfindən yaradılıb. Onlar bundan istifadə etməyə çalışıb, lakin buna müvəffəq olmayıblar. Bakıda keçirilən Qlobal Forumu da bütün bunların bariz nümunəsidir. Dünyanın hər yerində Qərblə Şərq arasında, həmçinin müsəlmanlarla xristianlar, yəhudilər, buddistlər, eləcə də şiələrlə sünnilər arasında münaqişələr, toqquşmalar var. Lakin onların hamısı üçün Azərbaycandan ibrət götürməyə çoxlu nümunələr var. Almaniya kansleri Angela Merkel demişdi ki, Avropada multikulturalizm tənəzzülə uğrayıb. Lakin Bakı Qlobal Forumu multikulturalizm və sivilizasiyalar arasında anlaşmanın örnəyini verir”, - deyə o bildirib.



Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, politoloq Tofiq Abbasov hesab edir ki, IV Qlobal Bakı Forumu dünyanın diqqətini problemlərin sülh yolu ilə həlli variantına yönəldəcək: “Azərbaycan son illər ərzində bacarıqlı subyekt olaraq bütün imkanlarla dialoq vacibliyini dünyanın diqqətinə çatdırır. Bütün dünyada müxtəlif insanlar, hətta kəskin münasibətlərdə olan ölkələrdən gələnlər də Bakıda eyni masa arxasında əyləşib müzakirə aparacaqlar. Bu dünyadakı hazırkı situasiyada vacib elementdir”.



T. Abbasov IV Qlobal Bakı Forumunun dünya üçün yeni dialoq müstəvisinə çevrildiyini diqqətə çatdırıb.

Şərhlər

Çox oxunanlar