“Ermənistan sülh istəmir..."

10.03.2016 13:50     Siyasi reaksiya     1109

Prezident deyib ki, işğal edilən ərazidə tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb.

“Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır”. Bunu prezident İlham Əliyev “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışında deyib. 

Dövlət başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələrinin hələ də həyata keçmədiyini deyən Prezident İlham Əliyev BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb edib.

Azərbaycan prezidenti İlham Əliyev Avropada yaşanan miqrant böhranından danışıb. "Ölkəsində yaşanana sialahlı münaqişələr səbəbindən ailəsini qorumaq üçün köç edən insanların önünü kəsə bilmərsiniz". O, deyib ki, dünyadakı münaqişələr son illərdə azalmaq əvəzində daha da artıb. Bu gərginliyin qarşısını almaq üçün də hökumətlər, siyasətçilər əllərindən gələni etməlidirlər. 

Saat 10:02

"Azərbaycanda neftdən sonrakı dövr başlayıb. Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır". Bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. ​

Neftin qiymətinə də toxunan dövlət başçısı heç kimin bu düşüşə hazır olmadığını deyib. "Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var". 
  
Prezidentin sözlərinə görə, Azərbaycan vahid nəqliyyat xətti yaradır. O qeyd edib ki, Şərq-Qərb dəhlizi işə başlayıb. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. 

Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihələrindəndir.  Bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq. "Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq".

 IV Qlobal Bakı Forumu ​
IV Qlobal Bakı Forumu ​

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu başlayıb. Forum iki gün davam edəcək. 

 

Şərhlər

Çox oxunanlar