Nazir: “Erməni silahlılar Azərbaycan torpaqlarından çıxdıqdan sonra insidentlər bitəcək, araşdırılmalı nə isə qalmayacaq”

18.03.2016 10:01     Siyasi reaksiya     923

“Atəşkəsin pozulması hallarının qurbanları arasında böyük çoxluğu Azərbaycanın mülki əhalisi təşkil edir”.

 

 APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov təmas xəttində atəşkəsin pozulmasına nəzarət mexanizminin yaradılması ilə bağlı “Kommersant”ın sualını cavablandırarkən deyib.

 

E. Məmmədyarov qeyd edib ki, azərbaycanlı əhali uzun əsrlərdir yaşadığı torpaqlarından sadəcə azərbaycanlı olduqları üçün didərgin salınıblar.

 

“Bu cür mexanizmin yaradılmasının labüdlüyü məsələsini Ermənistan məqsədli şəkildə gündəliyə salmaq istəyir. Bu, münaqişənin hərtərəfli siyasi-hüquqi həllindən diqqəti yayındırmaq, status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək  üçün Ermənistana lazım olan texniki məsələdir. Biz əvvəllər də demişik ki, insidentlərin araşdırılması mexanizmi erməni silahlılarının oradan çıxarılması prosesindən sonra baş verə bilər. Erməni silahlılar Azərbaycan ərazilərini tərk etməlidirlər. Bununla insidentlər bitəcək, araşdırılmalı nə isə qalmayacaq”, - deyə o bildirib.

 

E. Məmmədyarovun sözlərinə görə, münaqişənin həll edilməsi üçün hüquqi əsas BMT Təhlükəsilik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə və qeyd -şərtsiz çıxarılması barədə qətnamələri əsasında çoxdan müəyyən edilib: “Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq tutarlı tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidir. Lakin İrəvan istənilən şəkildə bu prosesə əngəl törədir, həmsədrlər də bunu çox yaxşı bilirlər”.

Şərhlər

Çox oxunanlar