Almaniya və ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağda atəşkəsə əməl etməyə çağırıb
22.03.2016 11:31 Siyasi reaksiya 1024
ATƏT-in sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Dağlıq Qarabağda atəşkəsə əməl etməyə çağırıb.
Reaksiya.info Gun.az-a istinadən xəbər verir ki, bu haqda ATƏT-in rəsmi saytında dərc edilən bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.
Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər.
“Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”, deyə bəyanatda bildirilir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam etdiklərini də vurğulayıblar.
Şərhlər