Surət Hüseynovun "podelnik"i olmuş "bazarkom"la Elmar Vəliyevi nə birləşdirir?

23.03.2016 18:48     Siyasi reaksiya     995


Yevlax Mərkəzi Bazarındakı acınacaqlı durumla bağlı reportyor.tv-yə bir qrup rayon sakini tərəfindən şikayət ərizəsi daxil olub. Sözügedən bazardakı antisanitar vəziyyəti özündə əks etdirən fotoların da əlavə olunduğu şikayət ərizəsində bazar rəhbərliyinin satıcılara müxtəlif bəhanələrlə maneçilik törətməsindən bəhs olunur.

 


Reportyor.tv-yə daxil olan həmin məlumatlarda həmçinin Yevlax mərkəzi bazarının rəhbərlik dəyişdikdən sonra olduqca bərbad duruma düşdüyü qeyd olunur: "Bazarın rəhbərliyi təxminən ilyarım bundan öncə dəyişib. Bu dəyişikliyə qədər bazarda hər şey öz qaydasında olsa da İnqilab adlı yeni rəhbər gəldikdən sonra bazarda "özəl qaydalar" tətbiq olunmağa başlayıb. Satıcılardan və bazara kənd təsərrüfatı məhsulları gətirən sahibkarlardan qanunsuz ödəmələr tələb edən yeni rəhbərlik burada sözün əsl mənasında "bespredel" yaradıb".

 


Artıq İnqilab adlı "bazarkom"un özbaşınalıqlarından boğaza yığıldıqlarını iddia edən şikayətçilər bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəklərini bildirib. Bununla yanaşı şikayət ərizəsində sözügedən Yevlax Mərkəzi Bazarı haqda olduqca ilginc məqamlara da işıq salınıb. İddialara görə, sözügedən bazara "krışalığı" Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin Şahmar adlı qardaşı edir. Yeni "bazarkom" İnqilab isə məhz Şahmar Vəliyevin inanılmış adamlarından biri kimi tanınır.

 


Yevlax bazarının rəhbəri İnqilabla bağlı şok iddiaların yer aldığı məktubda daha sonra bildirilir: "Bu həmin İnqilab Məmmədovdur ki, 1995-ci ilin məlum oktyabr hadisələrində qiyamçı Surət Hüseynovun yaxın silahdaşlarından olub. Məlum olaylar yatızdırıldıqdan sonra isə İnqilab Məmmədov əməllərinə görə həbs cəzası olaraq məhkumluq həyatı yaşayıb"

 


Reportyor.tv  

 

Şərhlər

Çox oxunanlar