Ermənistanın atəşkəsi pozmasının əsl səbəbi

28.03.2016 13:39     Siyasi reaksiya     1128

Qarşı tərəf Azərbaycanın imicini korlamaq üçün cəbhədə gərginliyi artırır.

Son günlər cəbhədə vəziyyət yenə də gərginləşib. ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Gecə baş verən döyüş toqquşması zamanı Azərbaycan ordusu 2 şəhid verib.

Atəşkəsin pozulması hallarına ötən günlərdə də rast gəlinib. Azərbaycan ordusu bir neçə dəfə  qarşı tərəfin təxribatlarının qarşısını alıb. Ermənistanordusu bir neçə gün əvvəl 12 hərbiçisini itirib. Bəzi hallarda isə qarşı  tərəf öz itkilərini gizlədir. 

"Atəşkəsin pozulmasında əsas məqsəd Azərbaycanın dünyadakı imicini korlamaqdır".

Cəbhədə gərginliklərin baş vermə vaxtlarına diqqət yetirdikdə belə halların adətən Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə məlumatlar yayıldığı ərəfəyə rast gəldiyini görərik. Ermənistan və Azərbaycan prezidentlərinin  ötən ilin dekabr ayında baş tutan görüşü ərəfəsində də belə gərginliklər baş verib.

Hazırda prezident İlham Əliyev və Serj Sarkisyan arasında Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Düşmən təxribatının qarşısı alınıb 26.03.2016

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan həmişə prezidentlərin görüşü barədə məlumatlar yayılan kimi təxribat planı hazırlayır. “İndi o planları həyata keçirirlər. Əsas məqsəd isə Azərbaycanın dünyadakı imicini korlamaqdır.  Onlar müxtəlif təxribatlarla və atəşkəsi pozmaqla belə halları Azərbaycan tərəfinin törətdiyini  dünya birliyinə çatdırmağa çalışırlar”,-deyə Qabil Hüseynli bildirdi. 

Politoloq bildirdi ki, atəşkəs rejimi işğal olunmuş ərazilərdə pozulur. “Məsələn təsəvür edək ki, Azərbaycan tərəfi atəşkəsi pozur. Bu halda da qəbahət görmək olmaz. Erməninin Azərbaycan torpaqlarında nə işi var ki, ona qarşı da belə hərəkətlər edilsin?”,- deyə politoloq qeyd etdi. 

Qabil Hüseynli - politoloq
Qabil Hüseynli - politoloq

Prezidentlərin görüşünə toxunan siyasi şərhçi bildirdi ki, İlham Əliyev Serj Sarkisyan bir araya gəlsə belə hər hansı nəticənin əldə olunması ehtimal edilmir. “Çünki Ermənistan prezidenti Serj Sarkisyan Kremlin təlimatlarından kənara çıxa bilməz”,-deyə politoloq bildirdi.

Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. ATƏT-in Minsk qrupununhəmsədrlərinin yekuna dair yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Prezidentilər həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

Prezidentlərin Bern görüşü
Prezidentlərin Bern görüşü

 Ötən ilin dekabrın əvvələrində prezidentlərin görüşü barədə məlumatlar yayılan kimi Ermənistan ordusu aktivləşməyə başladı. Hətta ötən görüş ərəfəsində vəziyyət o qədər gərginləşmişdi ki, Azərbaycan tərəfinin cəbhəyə tanklar yeritdiyi barədə məlumatlar yayılmışdı. Bununla Ermənistan cəbhə xəttində təxribat yaradaraq ölkə başçılarının qarşıdan gələn görüşündən yayınmaq istəyir. Münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə yalnız bəyanatla verməklə və iki – üç aydan bir cəbhədə monitorinq keçirməklə kifayyətlənirlər.

Hətta bəzi monitorinqlərdə həmsədrlər işğal olunmuş ərazilərdən atılan güllələrdən güclə canlarını qurtarsalar da, Ermənistan tərəfinə heç bir etiraz bildirmirlər. Novruz və Pasxa bayramlarında atəşkəs rejiminə riayət olunması ilə bağlı Minsk Qrupu tərəfindən çağırış gəlsə də, Ermənistan tərəfi bu təklifə saymazyana yanaşır və daha da aktivləşir.  Yəqin ki, Minsk Qrupunun həmsədrləri baş verənləri müşahidə edir və müvafiq tədbirlər görəcək.  Çünki münaqişənin həll edilməməsi onların nüfuzunu daha da aşağı salır.

 

Şərhlər

Çox oxunanlar