Ali Məhkəmə İntiqam Əliyevin azadlığa buraxılması barədə qərar qəbul edib - YENİLƏNİB
28.03.2016 14:04 Siyasi reaksiya 1155
Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib.
APA-nın məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.
Plenum kassasiya protestini təmin edib.
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.
İ. Əliyev prosesdə iştirak etməyib.
İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.
Bir müddət əvvəl isə Zakir Qaralov əlavə kassasiya protesti ilə məhkəməyə müraciət edib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.
Şərhlər