Müsavatdan AXCP-yə Milli Şura ittihamı

28.03.2016 16:07     Siyasi reaksiya     1106

Müsavat Partiyası müxalifətin birliyi üçün ən yaxşı yolun özünün təklif etdiyi format olduğunu hesab edir.
 

Publika.az xəbər verir ki, bu barədə Müsavat funksioneri Çingiz Əli deyib.
 

Onun sözlərinə görə, indiki situasiyada müxalifətin işbirliyinə varması üçün ən düzgün yol Müsavat Partiyasının təklif etdiyi funksional əməkdaşlıqdır: “Yoxsa partiyalarüstü yeni bir qurum yaratmaq, ona rəhbər seçmək, səsvermə ilə  qərarlar qəbul edərək uğurlu nəticələr əldə etmək mümkün deyil. Çünki hər təşkilat özünün istədiyi qərarların qəbul edilməsinə çalışacaq və bunun üçün təmsilçilərinin sayını artırmağa cəhd edəcək. Partiya bağları hər zaman yeni yaradılan birliklərdən daha güclü olduğundan demokratik üsullar burada işlənməz bir hala gələcək. Bu kimi halları biz İctimai Palata və Milli Şuranın simasında müşahidə etdik”.

 

Müsavat funksioneri qeyd edib ki, Azərbaycan artıq partiyalaşma mərhələsinə keçdikdən sonra yenidən ümumi nəsə yaratmaq praktik deyil.
 

“Mümkün olsaydı, elə müxalifətdə olan partiyalar özlərini buraxaraq bir təşkilatda birləşərdilər”, - deyə o bildirib.
 

Çingiz Əli iddia edib ki, Milli Şurada bir partiyanın hegemonluğu olduğu üçün, bu qurum indiyə qədər davam gətirir.
 

Qeyd edək ki, Milli Şurada yalnız AXCP təmsil olunur.

Şərhlər

Çox oxunanlar