İkinci şəhid də dəfn edildi
28.03.2016 16:45 Siyasi reaksiya 1301
Qafarəli Hacıyevin cənazəsi yüzlərlə insanın müşayəti ilə kənd qəbiristanlığına aparılıb.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Qafarəli Hacıyev uğrunda öldüyü torpağa tapşırıldı. ANS PRESS-in məlumatına görə, dəfn mərasimi şəhidin böyüyüb boya çatdığı Yevlax rayonunun Qaraoğlan kəndində baş tutub.
19 yaşlı Qafarəli Hacıyevlə vida mərasimində rayon rəhbərliyi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Yevlax şöbəsinin əməkdaşları, hərbçilər və kənd sakinləri iştirak edib. Yaxınları vətən uğrunda canından keçən Qafarəli Hacıyevlə fəxr etdiklərini bildiriblər.
Şəhidin atası İntiqam Hacıyev şəhid oğlu ilə fəxr etdiyini deyib. "Vətən sağ olsun. Allah rəhmət etsin. Hər bir övladın vətənə xidmət borcudur. Fəxr edirəm ki, mənim övladım vətən uğrunda şəhid olub".
Şəhidin cənazəsi yüzlərlə insanın müşayəti ilə kənd qəbiristanlığına gətirilib. Tabutun üzərinə salınmış üç rəngli bayraq Qafarəli Hacıyevin atasına təhvil verilib. Dəfn mərasiminin sonunda Azərbaycan respublikasının dövlət himninin sədaları altında havaya yalım atəşi açılıb.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə əsgər Qafarəli Hacıyevə ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı ilə təltif edilib.
Şərhlər