Azərbaycanda polkovnik vəzifəsindən kənarlaşdırılıb
29.03.2016 14:09 Siyasi reaksiya 1061
O, fəaliyyətində qüsurlara yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb
Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyi yerli KİV-lərdə yayılan məlumatı şərh edərkən bildirib.
“AzPolitika”nın məlumatına görə , polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Mənbə polkovnik Yaqubovun 3.3 milyon dollarlıq hansısa gizli sövdələşməyə görə işdən çıxarıldığını deyib, ancaq təfərrüatları açıqlamayıb. Gözlənilir ki, onu tezliklə həbs edəcəklər.
Roqozin martın əvvəllərində Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, Roqozinin və onu müşaiyət edən “Rosoboroneksport”un nümayəndələrinin qəfil səfərində məqsəd Azərbaycanın Rusiyadan sifariş verdiyi silahlara görə ödənişləri gecikdirməsidir. Belə ki, sifariş verilən texnika yola salınıb, ancaq pulu ödənilmədiyindən sifarişçiyə təhvil verilmir.
Lakin daha sonra Roqozin bəyan etdi ki, Azərbaycan hərbi-texniki sahədə etbarlı tərəfdaşdır. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində Azərbaycanın sifariş verdiyi texnikaya görə ödənişləri gecikdirdiyini təkzib edib, bu məsələdə heç bir problem olmadığını deyib. Nazir bildirib ki, problem bəzi silahların parametrlərinin “müqavilədə göstərilənlərə uyğun olmamasında” idi və bu problem tezliklə aradan qaldırılacaq.
E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.
“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, – deyə nazir əlavə etmişdi.
Belə görünür ki, polkovnik Əhədovun işdən çıxarılmasının və barəsində cinayət işi qaldırılmasının səbəblərini də məhz Elmar Məmmədyarovun müsahibəsində toxunulan nüanslarda axtarmaq lazım gəlir. İstisna deyil ki, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi Rusiya ilə bağlanmış müqavilədən hansısa formada ciblərini doldurmaq üçün yararlanmağa çalışıb. Lakin deyəsən o, Müdafiə Nazirliyi sistemində Səfər Əbiyevin dövründə hökm sürən korrupsiya ənənələri ilə hərəkət etməkdə ciddi səhvə yol verib. Çünki MN sistemində korrupsiyanın kökünün kəsilməsində həm prezident İlham Əliyev, həm müdafiə naziri Zakir Həsənov tam qətiyyətlidir...
Şərhlər