İlham Əliyev: “Dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”

31.03.2016 11:20     Siyasi reaksiya     1007

Prezident İlham Əliyev Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll olunmasının vacibliyini bir daha bəyan edib.

 Prezident İlham Əliyev bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşdən əvvəl mətbuata verdiyi bəyanatda bəhs edib:  
 
“Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq.
 
Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır.
 
Ermənistan və Azərbaycan arasındakı münaqişə, post-sovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.
 
Biz, həmçinin regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır.
 
Həmçinin bizim NATO hərbiçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbiçimiz var. Beləliklə, münasibətlərimizin gündəliyi çox genişdir.
 
Bu gün əlbəttə ki, biz bu məsələləri və regiondakı problemləri müzakirə edəcəyik. Mən əminəm ki, bu görüş bizim dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır”. 
 
 
(Gün.Az)

Şərhlər

Çox oxunanlar