"Parlamenti unudub, biznesini böyütməklə məşğuldur" - "Deputatınızı tanıyın!" layihəsi

07.07.2015 17:03     Siyasi reaksiya     2573

Artıq I Avropa Oyunları geridə qaldı, irəlidə isə bizi Milli Məclisin V çağırışına seçkilər gözləyir. Ölkənin 125 seçki dairəsində seçicilər 5 il ərzində millət vəkili adına layiq bildikləri şəxslərə səs verəcəklər. Bu seçkilər ərəfəsində hazırkı deputatlardan kimin 5 ildə nə ilə məşğul olduğu, kimin parlamentlə vidalaşacağı da maraq doğurur. Bəzi dairələrdə seçicilər öz deputatlarını tanımır da, lakin elə deputatlar da var ki, öz seçiciləri ilə daim təmasda olur, parlamentdəki fəaliyyətlərində də aktivlik göstərirlər.

 

Reaksiya.Az seçicilərin marağını nəzərə alaraq, “Deputatınızı tanıyın!” layihəsinə başlayır. Bu layihədə fəaliyyəti haqqında oxumaq istədiyiniz və hətta beş illik fəaliyyəti ilə bağlı hesabat gözlədiyiniz deputatların adını bizə [email protected] və ya [email protected] ünvanlarına yaza bilərsiniz. Həmçinin (012) 409-05-49 telefon nömrəsi ilə də əlaqə saxlamağınız, öz təklif və şikayətlərinizi bildirməyiniz mümkündür.

Keçən günlərdə “Deputatınızı tanıyın!” layihəsində birinci yazımız 14 saylı Xəzər Seçki Dairəsindən seçilmiş millət vəkili Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyətinə həsr olunmuşdu.

Növbəti yazımızda isə 11 saylı Qaradağ Seçki Dairəsindən deputat olan Ağalar Vəliyevin deputatlıq fəaliyyətindən bəhs etməyə qərar verdik. Lakin etiraf edək ki, istər mətbuatda apardığımız araşdırmalar zamanı, istərsə də dairənin seçiciləri ilə sorğuda daha çox onun fəaliyyətsizliyi ilə bağlı məlumatlar ala bildik. Araşdırmalar zamanı məlum oldu ki, “Azəraqrartikinti” ASC-nin təsisçisi olan deputat rəsmi olaraq Milli Məclisə seçildikdən sonra biznes fəaliyyətindən uzaqlaşıb. Lakin bunun daha çox “rəsmi xarakter” daşıdığını da demək olar. Belə ki, deputat Milli Məclisin 2010-2015-ci illərdə olmuş 103 iclasından ancaq ikisində danışıb, iştirak etdiyi azsaylı iclaslarda isə ən çox “düymə basmaq” fəaliyyəti ilə yadda qalıb.

“Azəraqrartikinti” ASC davamlı olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin tenderlərinin qalibi olur.

Öz biznesini oğlu Pərviz Vəliyevə həvalə edən Ağalar Vəliyevin növbəti seçkilərdə deputatlıq kreslosunu da oğluna “etibar edəcəyi” ehtimal olunur və bu barədə şayiələr səngimək bilmir. Bu barədə Reaksiya.Az-ın müsahib olduğu “Azəraqrartikinti” ASC-nin əməkdaşlarından biri də bildirib və deyib ki, deputat öz biznesini nəzarətdən buraxmır, deputatlığından sadəcə əlavə status kimi istifadə edir.

Şirkət əməkdaşı məhz müxtəlif dairələrdə əlaqələrin qurulmasında, qohumlarının müxtəlif işlərinin aşırılmasında da onun “deputat zəngləri” işə yarayır: “İşçilərinə qarşı isə laqeyddir, maaşlar daim gecikdirilir,yerli-yersiz cərimələr olur. Həmçinin, işçilərin təhlükəsizliyi məsələsinə də laqeyd yanaşılır”.

Qeyd edək ki, yaxın günlərdə baş nazirin müavini Abid Şərifov demişkən, “Alabala”nın, yəni Binəqədidə yanan binanı təmir edən şirkətin də məhz “Azəraqrartikinti” ASC olduğu məlum olub.

Mətbuat səhifələrində daim tənqidlə qarşılanan Ağalar Vəliyevin şirkəti bu dəfə də qınaq obyekti olub və ölkənin yüksək tirajlı qəzetlər, o cümlədən “Yeni Müsavat” təmir-tikinti işləri zamanı fəhlələrin həyatının riskə atıldığı, təhlükəsizlik qaydalarının gözlənilmədiyini yazıblar. Həmçinin davamlı olaraq Ağalar Vəlievlə müxtəlif tikinti şirkətləri arasındakı qalmaqallardan, həmçinin onun şirkətlərinin tikdiyi binalarda sakinlərdən əlavə pullar toplanılmasından olan xəbərləri KİV-də oxumaq artıq adi hala çevrilib.

Yenə də, yazıya bitərəf yanaşır və ehtimal edirdik ki, Ağalar Vəliyevin böyük bir şirkətə sahib olması seçildiyi rayonu abadlaşdırmaq üçün onun qarşısında yeni imkanlar açmış olar və biz də bunun canlı şahidi olarıq. Lakin rayondakı durğunluq, insanların bədbinliyi bunun əksini dedi. Sosial şəbəkədə də keçirdiyimiz sorğular zamanı əksər Qaradağ seçiciləri öz deputatlarını tanımadıqlarını və heç cür görüşə bilmədiklərini dedilər.

Ötən gün Qaradağ rayonunda “unudulmuş qəsəbə” adlandırılan Müşfiqabadda olduq. Burada sakinlərdən deputatlarını tanıyıb-tanıdaqlarını soruşduqda əksər hallarda “Xeyr” cavabı aldıq. Tanıyanlar da sadəcə adını bildiklərini, amma bircə dəfə də qəsəbədə görmədiklərini dedilər.

Zümrüd Kərimova adlı Müşfiqabad sakini bildirdi ki, o, deputatın kim olduğunu bilmir, lakin bunun da səbəbi var, çünki seçkilərdən bu yana deputat öz seçiciləri ilə təmasda olmayıb: “Problemlər çoxdur, amma hara müraciət edək, bilmirik”.

Qarabağ müharibəsinin iştirakçısı olan Arif Quliyev də bildirdi ki, deputat öz seçicilərinin vəziyyəti, həyatı ilə maraqlanmır: “Nə deputata, nə də icra hakimiyyətinə edilən hansısa müraciətlər öz müsbət cavabını tapmır. Müşfiqabad digər qəsəbələrə baxanda ən acınacaqlı vəziyyətdədir, bizim yaşayışımızla, problemlərimizlə maraqlanan yoxdur”.

Rayonun Sahil qəsəbəsində yaşayan Elməddin Əliyev adlı seçici isə qeyd etdi ki, Ağalar Vəliyevin Qaradağ rayonundakı deputatlığı ancaq ona və qohumlarına məxsus obyektlərin günü-gündən artması ilə yadda düşür: “Burda sakinlər deputatla görüşüb ondan nəsə tələb etməyə cəsarət etmirlər. Çünki rayonda oliqarx imici yaradan deputat heç bir şikayəti, müraciəti vecə almır, əksinə daha da insanları ümidsiz yola salır. Hamı bilir ki, bu adam parlamenti unudub, deputatlıqla yox, biznesini böyütməklə məşğuldur və heç kim onu öz deputatı kimi qəbul etmir”.

Ümid edirik ki, qarşıdan gələn seçkilər ərəfəsində hakim Yeni Azərbaycan Partiyası öz namizədlərini müəyyənləşdirərkən, xalqın güzəranına biganə qalan deputatların seçkilərə təkrar getməsinə yol verməyəcək.

Şərhlər

Çox oxunanlar