Kəlbəcər rayonunun işğalından 23 il ötür
02.04.2016 10:34 Siyasi reaksiya 1173
Kəlbəcər rayonunun işğalından 23 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Ermənistan Respublikasının münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki” "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib ki, bu da ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.
Dağıdılmış mədəni abidələr
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
İşğal zonasında ekoloji vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı; ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı; ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.
Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik suxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.
Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmişdir. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsi suvarılırdı. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.
Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir.
1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası var idi.
Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının "Qırmızı kitab”ına daxil edilmişdir. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılır.
Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir.
Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir.
İşğaldan əvvəl
Hələ 1990-cı ildə, iyul ayının 11-də erməni separatçıları tərəfindən «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilib və nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
1993-cü il aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından ("QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilər azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən lentə alınıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
(Publika.az)
Şərhlər