Ərdoğan Əliyevə zəng etdi

02.04.2016 20:30     Siyasi reaksiya     1181

Türkiyə prezidenti azərbaycanlı həmkarına başsağlığı verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. ANS PRESS-in Doğan xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Ərdoğan cəbhə xəttində baş verən hadisə barədə məlumat alıb, həmkarına 12 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı başsağlığı verib. 

O, ABŞ paytaxtı Vaşinqtondan İ.Əliyevə zəng edib. Prezident həyatlarını itirən Azərbaycan əsgərlərinə öz və türk xalqı adından rəhmət diləyib, yaralılara şəfa arzu edib. 

Ermənilər aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoyub. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədədMi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

 

Şərhlər

Çox oxunanlar