Əli Kərimlidən hökumətə DƏSTƏK: “Biz nazirimizə inanmaq istəyirik”

03.04.2016 00:36     Siyasi reaksiya     989

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də cəbhədə baş verənlərə münasibət bildirib. Modern.az xəbər verir ki, Əli Kərimli bu günlərdə müxalifətin Orduya hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.

AXCP sədri bildirib:

“Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik. Müdafiə nazirimiz deyirdi ki, elə ilk toqquşmada düşmən qüvvələrinin 70 faizini məhv edə bilərik. Biz nazirimizə inanmaq istəyirik. Onun bu sözlərinin reallaşmasını arzulayırıq. Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər.

Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq.

Buradan tərəfdarlarımıza müraciət edirəm:

1. Hökumətin fəaliyyətinə olan çoxsaylı və ciddi iradlarımıza rəğmən cəbhədə qızğın döyüşlər davam edən müddətdə hökumətin hərb siyasətini, ordu quruculuğundakı səhvlərini təftiş etməyəcəyik.

2. Çalışacağıq ki, orduda ruh düşkünlüyü və inamsızlıq, mülki əhalidə panika yarada biləcək məlumat və mülahizələr yayılmasın.

3. İmkanımız çatan bütün vasitələrlə erməni işğalçılığını beynəlxalq səviyyədə ifşa edəcəyik.

4. Bugünlərdə təbliğatımız əsgər və zabitlərimizdə yüksək döyüş ovqatı, xalqımızda qələbə əzmi yaratmağa xidmət edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin!

Allah əsgər və zabitlərimizi qorusun!”.

 

 

Şərhlər

Çox oxunanlar