Azad olunan torpaqlardan ilk - "Hesabat" - VİDEO
04.04.2016 00:18 Siyasi reaksiya 2484
Mir Şahin Ağayev "Hesabat" verilişinin böyük hissəsini cəbhədəki son vəziyyətə həsr edib.
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev“Hesabat” verilişində təmas xəttində baş verən ən son məlumatları çatdırıb. Mir Şahin Ağayev ön cəbhədə insanların əhval ruhiyyəsi haqqında məlumat verərək bildirib ki, vəziyyət sabitdir və insanların əhval ruhiyyəsi yüksək səviyyədədir.
Daha sonra ANS-in çəkiliş qrupu cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalması nəticəsində xəsarət alan şəxslərlə Tərtər Rayon Mərkəzi Xəstəxanasında görüşüb.
Mir Şahin Ağayev onlardan biri Sadiq Əliyevlə görüşüb. Yaralı açıqlamasında bildirib ki, atışmadan xəbər tutan kimi Gəncədən Tərtərə gəlib insanlara nə lazım olduğu, onlara necə köməklik edə biləcəyi ilə maraqlanıb.
Mir Şahin Ağayev bildirib ki, onun hazırda dayandığı səngər bir zamanlar Azərbaycanın deyildi:
“Dayandığım ərazi hazırda bizim nəzarətimiz altındadır. Ancaq bu vaxta qədər bu səngərdə ermənilər oturur, bu əraziyə onlar nəzarət edirdilər. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyat nəticəsində bu saat da fəal döyüş hərəkətləri gedir.
Ermənistan qoşunları itirdikləri əraziləri bərpa etmək istəyirlər. Və burada müəyyən məsələlər var ki, ermənilər bu barədə həyəcanlıdırlar. Bu həyəcan bizə də siraət edir. Lakin qarşı tərəf kimi yox, qalib tərəf kimi”.
Daha sonra xüsusi müxbir cəbhə jurnalistikası ilə məşğul olan bütün jurnalistləri təbrik edib:
“Bu bütün hallarda bizim uğurumuzdur. Mən bu uğur münasibətilə cəbhə jurnalistikası ilə məşğul olan bütün həmkarlarımızı Vahid Mustafayev və öz adımdam təbrik edirəm. Ona görə ki, biz bu günləri çox gözləmişik. Düz 24 ildir ki, bu günləri gözləyirdik. Gözləyirdik ki, əraziləri ələ keçirək, döyüş mövqelərimizi bərkidək və işğal altında olan ərazilərimizi azad edək. Nəhayət, həmin gün başlayıb və yəqin ki, davamı da olacaq”.
Şərhlər