Şəhid anası: "Qızım atəşkəs razılığına bir saat qalmış həlak oldu"

07.04.2016 11:38     Siyasi reaksiya     1106

Atəşkəs razılığına bir saat qalmış qızım həlak oldu.

Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, bunu cəbhə bölgəsinə səfər edən xarici media nümayəndələrinə Kəlbəcər rayonundan olan məcburi köçkün, hazırda Tərtər rayonu ərazisində məskunlaşan Həsənova Laləzar 16 yaşlı qızı Həsənova Turanənin ermənilərin mərmi atəşi nəticəsində həlak olmasından danışarkən deyib.

Həmin günü göz yaşları içərisində xatırlayan ana qeyd edib ki, hadisə aprelin 5-də baş verib.

"Biz Həsənqaya kəndində evdə idik. Evimizin yanına ardıcıl iki mərmi düşdü. Uşaqları çıxardım bayıra ki, qaçsınlar. Digərləri məndən irəlidə idilər, Turanə isə arxamda. Daha bir mərmi düşəndə arxaya baxdım ki, qızım yerə yıxılıb və dünyasını dəyişib".

Şəhid anası deyib ki, yeddi övladı var idi və Turanə evin sonbeşiyi idi.

Şərhlər

Çox oxunanlar