Qarabağla bağlı petisiya başladıldı - 10 minə yaxın səs verilib
07.04.2016 13:59 Siyasi reaksiya 1212
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun ABŞ prezident adminstrasiyasına ünvanladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı tədbir keçirilib.
Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin girişində iştirakçılara petisiyanın məqsədi barədə məlumat verilib. Eyni zamanda petisiyanın imzalanması qaydaları izah edilib.
Millət vəkili Elxan Süleymanov son günlər təmas xəttində baş verən gərginlikdən və Silahlı Qüvvələrimizin qazandığı uğurdan bəhs edib. İndiyə kimi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin əksəriyyətində yalnız döyüşün dayandırılması və münaqişənin sülh yolu ilə həll edilməsinin tələb olunduğunu vurğulayan millət vəkili həmin bəyanatlarda Ermənistanın işğalçı kimi göstərilmədiyini bildirib. ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində heç bir irəliləyiş əldə etmədiyini qeyd edən Elxan Süleymanov həmsədrlərin hər zamanakı kimi boş vədlər verdiyini bildirib.
Qeyd edək ki, “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə ABŞ prezident administrasiyası AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırılır.
Onu da qeyd edək ki, aprelin 6-da administrasiyanın saytında yerləşdirilən və 30 gün müddətində 100000 səs toplamalı olan petisiyaya artıq 10 minə yaxın səs verilib.
“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyaya BURADAN səs verə bilərsiniz.
(AzNews.az)
Şərhlər