Ordumuz düşmənə layiqli cavab verməyə hazırdır

07.04.2016 22:14     Siyasi reaksiya     927

Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçib və yaşayış məntəqələrini atəşə tutub. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub.

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qruplarının 3 istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində Talış və Seysulan kəndləri və Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları nəticəsində ələ keçirilib. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.

Erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçirib. Bunun da qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirib və zərbələr endirib. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib. Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edib. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırıb.

Eyni zamanda bildirilib ki, qısa müddətdə Azərbaycanın yaşayış məntəqələrinə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verəcək.

2 aprel erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib.

Aprelin 4-də Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı, bir batareyası və 30-dək hərbi qulluqçusu məhv edilib.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan bu gün bəyan edir ki, bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar!

 

Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı

Şərhlər

Çox oxunanlar