Ekspert: Avropa oyunları zamanı təxribatlara hazır olmalıyıq...

02.06.2015 14:57     Siyasi reaksiya     1085

“Bakı-2015” Avropa Oyunları zamanı Qarabağ cəbhəsində Ermənistan silahlı qüvvələri tərəfindən mütxəlif təxribatların törədilməsi ehtimalı böyükdür və cəmiyyətimiz də, dövlətimiz də buna hazır olmalıdır. Bunu Reaksiya.Az - a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, istər Avropa Oyunları ərəfəsində, istərsə də iyunun 12-dən 28-dək keçiriləcək yarışlar zamanı cəbhə xəttində vəziyyətin gərginləşməsi gözləniləndir. “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır, təxribat və gərginləşmə ehtimalı hər gün var. Ermənistan rəhbərliyi bu yarışlar zamanı dünyanın və Avropanın diqqətinin regiona yönəlməsindən maksimum istifadə etməyə, ajiotaj yaratmağa çalışacaq. Atəşkəsin davamlı pozulması, Azərbaycan tərəfinə kəşfiyyatçı qrupların göndərilməsi cəhdləri də gözləniləndir. Bu ona yönələ bilər ki, Azərbaycan ordusunda şəxsi heyətdə itkilər və narazılıq yaransın”, – deyə ekspert vurğulayıb. Lakin Üzeyir Cəfərov bildirib ki, ölkə rəhbərliyinin bu kimi ehtimalları nəzərə aldığına inanır: “Komandanlığın lazımi tədbirlər gördüyünü düşünürəm. Biz artıq təcrübədən bilirik ki, mühüm tədbirlər və görüşlər öncəsi Ermənistan rəhbərli öz ağalarının sifarişi əsasında müxtəlif təxribatlar törətməyə çalışır. Düzdür, Rusiya prezidenti Vladimir Putinin də “Bakı-2015”-in açılışına gəlməsi gözlənilir, lakin hər halda təxribatların olacağını istisna etmirəm. Cəmiyyətimiz də buna hazır olmalıdır, çünki nə qədər problemlərlə müşahidə olunsa da, Avropa Oyunları ölkəmizin prestijidir”. Ölkə daxilində terror təxribatların olması ehtimalı ilə bağlı da danışan Üzeyir Cəfərov qeyd edib ki, terrordan heç bir ölkə sığortalanmayıb: “Lakin Azərbaycanın təhlükəsizlik qüvvələri, Milli Təhlükəsizlik Nazirliyi öz gündəlik işini də yaxşı səviyyədə görür və inanıram ki, istənilən təxribat cəhdinin qarşısı vaxtında alınacaq”.

Şərhlər

Çox oxunanlar