Ermənilər: "Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər"
12.04.2016 23:35 Siyasi reaksiya 1996
"Əfsuslar olsun ki, azərbaycanlılardan fərqli olaraq biz sonadək qürurlu davrana bilmirik. Rusiya indi bizə az qala ayağını silir, biz isə hələ də Rusiyaya inanır, onu özümüzə etibarlı müttəfiq, böyük qardaş sayırıq. Bütün bunlar yanlış düşüncələrdir".
Ermənistanın "Aravot" qəzetində dərc olunmuş "Dağlıq Qarabağda Rusiya təbliğatı" başlıqlı məqalədə belə deyilir.
Məqalə müəllifi Vaqe Qukasyanın fikrincə, Rusiyanın kütləvıi informasiya vasitələri Ermənistanı az qala quberniya sayır, ermənilərin maraqlarını və mənafelərini əsla nəzərə almır.
"Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Rusiyanın KİV-lərində məhz bu ölkənin maraqlarına və hədəflərinə xidmət edən xəbərlərin, reportajların, təhlillərin yer almasını gözləyirdik. Çünki buna artıq alışmışıq, bilirik ki, Ermənistan və Dağlıq Qarabağla bağlı informasiya siyasətində Rusiya mediası heç vaxt erməniləri düşünməyib. Bizə gərəkli səpkidə, məcrada və yöndə informasiyaların peyda olması üçün Rusiyadakı diasporu işə salmalı, rıçaqları hərəkətə gətirməli oluruq. Yəni rusiyalı jurnalistlər yalnız müəyyən "maraq" və "təkan"dan sonra bizə sərf edənləri yazır, deyir və çəkirlər", - müəllif Ermənistan mediasında bəlkə də ilk dəfə Rusiya KİV-lərinə ermənilərin təsiri və xüsusilə də ayrı-ayrı teleaparıcıların, jurnalistlərin, veriliş və media strukturlarının pulla ələ alınmasını etiraf edir.
V.Qukasyan daha sonra erməni Aşot Qabrelyanova məxsus LifeNews telekanalı və saytının "xəyanət"indən bəhs edir.
O yazır: "Bir düşünün, Dağlıq Qarabağda döyüşlərin ən gərgin vaxtında, aprelin 4-də LifeNews telkekanalı məlumat yayır ki, İŞİD tərkibində vuruşan 70 azərbaycanlı terrorçu Suriyanın Rəqqa şəhərindən çıxaraq Türkiyəyə keçib və Azərbaycana üz tutub. Guya onlar Dağlıq Qarabağda ermənilərə qarşı vuruşmaq istəyirlər. Bu xəbəri sonradan tvzvezda və 3mv də yaydılar. Halbuki bu xəbər yalandı, amma Rusiyanın kütləvi informasiya vasitələri bu yalanı yaydılar.
Həmin telekanal Almaniyanın paytaxtı Berlində "müsəlmanlar miqrantların rusiyalı qızı zorlaması", Ukraynanın Slavyansk şəhərində "rus oğlanın çarmıxa çəkilməsi" barədə yalanlar yayıb.
LifeNews "İŞİD-dəki azərbaycanlı terrorçular" barədə yalan məlumat yaymaqla sifarişi yerinə yetirir. O sifariş isə sadədir. İŞİD terrorçu təşkilatdır, fəaliyyəti Rusiyada yasaqlanıb. Və əgər Rusiya tamaşaçılarına, oxucularına, dinləyicilərinə "azərbaycanlı İŞİD-çilər Dağlıq Qarabağda ermənilərə qarşı vuruşmağa hazırlaşır" deyilirsə, təbii ki, həmin insanlar terrorçuların qarşısının alınmasını istəyəcəklər. Deməli, Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent yeridilməsinə nail olmalıdır, həmin kontingentdə isə rusiyalı hərbçilər yer almalıdırlar. Beləliklə, Rusiyanın KİV-i Dağlıq Qarabağ münaqişəsindəki situasiyadan yararlanaraq sırf öz maraqlarını güdür və bu da təbii ki, ermənilərin mənafelərinin təminatı deyil.
Üstəlik, LifeNews təki telekanalların yalanları vasitəsilə Rusiya Ermənistandakı təsir rıçaqlarını itirməməyə, erməniləri sakitləşdirməyə çalışır.
Dağlıq Qarabağdakı son hadisələr göstərdi ki, Rusiyanın Ermənistana münasibətində "müttəfiqlik və qardaşlıq" bəyanatları sadəcə, söz yğınıdır. Ermənistanın dövlət müstəqilliyini faktiki olaraq qəsb etmiş Rusiya ölkəmizə tam nəzarət etməklə yanaşı, xarici siyasətimizi də kontrol altında saxlayır. Azərbaycana silah və hərbi texnika satan, bu satışları davam etdirəcəyini deyən Rusiyaya Ermənistanın maraqları önəmli deyil. Rusiya bizim vasitəmizlə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır.
LifeNews-un çəkiliş qrupu Azərbaycana da getmişdi. Amma onları qovdular, rəsmi Bakı bu qrupu deportasiya etdi. Azərbaycanlılar nə etdilərsə, yaxşı etdilər, çünki LifeNews həqiqəti əks etdirmir, faktları saxtalaşdırmaqla, sahibinə xidmət etməklə məşğuldur".
Müəllif əslində Ermənistanda LifeNews-a olan münasibəti əks etdirir. Yerevandakı ermənilərin səbir kasasını daşdıran son məqam LifeNews media holdinqinin sahibi, erməni Aram Aşotoviç Qabrielyanovun sosial şəbəkələrdəki son paylaşımları olub.
Məsələn, A.Qabrelyanov Twitter-dəki mikrobloqunda aprelin 8-də yazmışdı: "Axmaq ermənilərin nəzərinə bir daha çatdırıram: ermənilər üçün Günəş Rusiyada doğur! Variant yoxdur!!!"
Bu tvit Ermənistanla yanaşı, dünyanın müxtiəlif ölkələrindəki erməni diasporlarında həddən artıq böyük qəzəblə qarşılanmışdı. Ən "yumşaq" şərhdə deyilirdi: "Oğlun Nyu-Yorkda yaşayır, ora yollayıbsan. Sən əvvəlcə oğlunu Dağlıq Qarabağa göndər, sonra bizə ağıl öyrət, vətənpərvərlikdən danış".
LifeNews-la bağlı narazılığın digər səbəbi bu media-holdinqin rəhbərinin erməni A.Qabrielyanov olmasına rəğmən, bu strukturun yetərincə "erməni ruhlu media" təsiri bağışlmaması, xəbərlərinin tam əksəriyyətində aşkar "ermənipərəst" məcranın yoxluğu imiş.
Təbii ki, bu iddialar yalandır və əslində, ermənilərin çox yaxşı düşünülmüş, məkrli strategiyasının bir hissəsi, LifeNews-un guya ermənilərə "xidmət etməməsi" təsəvvürünün yaradılmasıdır.
Halbuki belə deyil və LifeNews bütünlüklə Ermənistanın, erməni diasporunun maraqlarının təminatı ilə məşğul olur.
Milli.az
Şərhlər