Kreml Sərkisyanı belə devirəcək - Gizli plan
14.04.2016 12:05 Siyasi reaksiya 1115
İrəvanın Moskvadan konkret addımlar atmaq tələbi Sərkisyan rejiminin son fəndidir.
Reaksiya.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanda baş qaldıran anti-Rusiya aksiyalarının İrəvana baha başa gələcəyini açıqlayıb:
“Ermənistan siyasi rəhbərliyi illərdir ki, Qarabağda gedən proseslərin məsuliyyətini Rusiya ilə paylaşmaq niyyəti güdür. Ermənilər hazırda belə düşünür ki, Rusiya Qarabağ məsələsində Ermənistana borcludur. Hazırda hər iki ölkənin maraqları toqquşur. Çünki Moskvanın cari maraqları tamam başqadır. Yəni Rusiya Azərbaycanla münasibətləri bir çox istiqamətlərdə inkişaf etdirməyi düşünür. İndiki vəziyyət Rusiyanı qane etmir. Moskva bunu açıq şəkildə Ermənistan rəhbərliyinə bildirir. Ancaq Sərkisyan məğlubiyyətinin bütün məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyir. Maraqların toqquşması bu və ya digər şəkildə Bakıya sərf edir. Rəsmi Bakı bundan öncə Qarabağ məsələsi ilə bağlı Rusiyanın rəsmi dairələrinə öz mesajlarını verib. Görünür, indi bu məqam yetişib”.
İ.Vəlizadənin sözlərinə görə, siyasətində müəyyən dəyişikliyə gedən Rusiyanın ciddi götür-qoy etməsi Ermənistan rəhbərliyini çox pis sarsıdırb:
“Sərkisyan hazırda erməni cəmiyyətindəki narazılığı əsas götürərək siyasi manipulyasiya etməyə çalışır. Yəni İrəvan Moskvadan konkret addımlar atmaq tələbini hər fürsətdə göstərir. Ancaq bunu Sərkisyan rejiminin son fəndi saya bilərik. Çünki belə bir vəziyyətdə Rusiya konkret olaraq Ermənistandan üz döndərib. İrəvanın son qışqırıqları da çox güman ki, Moskva tərəfindən eşidilməyəcək”.
Politoloq bu əsasda önəmli bir məqama da toxunub:
“Çox güman ki, Rusiyadakı güc mərkəzləri Sərkisyanın hakimiyyətdən getməsi ilə bağlı hansısa variantlar üzərində düşünürlər. Əsas məsələ isə Ermənistanda hakimiyyətə kimin gətiriləcəyidir. Ən mühüm siyasi partlayışlar da bundan sonra olacaq. Moskva reytinqi olduqca aşağı olan Sərkisyanı dəstəkləməyəcək. Bu dəqiqdir. İstisna deyil ki, hazırda Rusiya Sərkisyanın yerinə əvəzedici axtarır. Buna qədər Sərkisyan vəziyyətdən istifadə etməklə yerini bərkitməyə çalışırdısa, indi heç bir şey edə bilməyəcəyini anlayır. Buna görə də o, Levon Ter-Petrosyan və digər müxalif liderlərlə ünsiyyətə getməyə məcbur olub. Məqsədi isə məsuliyyəti onlarla paylaşmaqdır. Hətta ola bilsin, Sərkisyan keçmiş müxalif liderlərə gələcək koalisyon hökumətdə kreslo sözünü verib. Ancaq bu plan baş tutmayacaq. Çünki Ermənistan hakimiyyətində daxili proseslərin kəskinləşməsi qaçılmaz olacaq. Mümkündür ki, Rusiya hərəkətə keçənə qədər Sərkisyanı elə hakim dairələrin özləri devirsin”.
Şərhlər