İlham Əliyev - “Ermənistan vaxtaşırı silahlı təxribatlara əl atır”

14.04.2016 17:38     Siyasi reaksiya     1224

Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işini sessiyalarla davam etdirib.

Reaksiya.info AzNews.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib. 

Prezident İlham Əliyevin çıxışını təqdim edirik:

-Hörmətli cənab sədr,

Hörmətli cənab baş katib.

Zati-aliləri, sammit iştirakçıları.

İlk növbədə əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Əməkdaşlıq Təşkilatının Sammitinə dəvətə və tədbirin əla təşkilinə görə təşəkkür edirəm.

Son illərdə qardaş Türkiyə beynəlxalq aləmdə artan nüfuzu sayəsində “Böyük İyirmiliyin” üzvü kimi qlobal inkişafa mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıram. İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəniyə təşkilatımızın inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm.

Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.

Hörmətli Sammit iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilmiş, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilmişdir. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olmuşlar. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm.

Hörmətli sammit iştirakçıları, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sonda mən bir daha Prezident Rəcəb Tayyib Ərdoğana səmimi qonaqpərvərliyə görə təşəkkür edir, Zirvə görüşünün işinə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.

Şərhlər

Çox oxunanlar