“Silahlı radikalın siyasətə gəlişi ağır fəsadlar verə bilər”
15.04.2016 17:24 Siyasi reaksiya 1010
Azər Rəşidoğlu: “Silahlı dəstə rəhbəri rasional düşünə bilmir və əsas arqumenti silah olur”
Dünən RF prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı keçirib. V.Putin Dağıstan rəhbəri Ramzan Kadırov və atası barədə, “bir vaxtlar meşələrdə Rusiyaya qarşı silahlı müqavimət göstəriblər, bü gün isə ən sadiq tərəfdarımızdır”, - deyib. Bu gün də əlində silahla dövlətə qarşı vuruşan qruplar var. Görəsən, onlar da sabah normal həyata qayıda bilərlərmi? Dövlət bu şəxslərə qarşı özünü necə aparmalıdır ki, bu şəxslər silahları yerə qoyub, dövlətlə sivil formada mübarizə aparsınlar?
Politoloq Azər Rəşidoğlu bu məsələ ilə bağlı FaktXeber.com-a fikirlərini açıqlayıb.
O, quldurluqla məşğul olan radikal dəstə üzvlərinin və rəhbərinin siyasətə gəlişini müsbət qarşılamadığını bildirdi: “Siyasətlə siyasətçilər, hərblə hərbçilər məşğul olmalıdır, hərənin öz işi var. Və bu gün radikalların siyasətə gəlməsinin qarşısı alınmalıdır. Xüsusilə, silahlı dəstələrin başçısının siyasətə gəlişində onların əsas arqumenti silah olur”.
Azər Rəşidoğlu vaxtilə Azərbaycanda da bunun yaşandığını deyərək, ötən əsrin 90-cı illərində Surət Hüseynovla bağlı hadisələri, həmçinin həmin dövrdə baş verən silahlı qiyamları xatırlatdı. Politoloqun sözlərinə görə, əlində silah tutan hər hansı bir silahlı dəstənin rəhbərinin siyasətə gəlişi böyük fəsadlar verir və bunun qarşısı alınmalıdır: “Onlar siyasət müstəvisinə yaxın buraxılmamalıdır. Bu, mənim subyektiv fikrimdir, ola bilər ki, yanlışdır”.
“Bəzi dövlətlər istəməyərəkdən də olsa silahlı qruplaşmalarla hesablaşmalı olurlar, nümayəndələr göndərib, onlarla bir masaya əyləşirlər, bəs onda necə” sualına isə politoloqun cavabı belə oldu:
“Mən düşünmürəm ki, silahlı dəstələrlə bir masaya oturmaq düşünülmüş ssenarinin tərkib hissəsi deyil. Silahlı dəstələr və onların rəhbərləri hansısa böyük güc mərkəzinin ssenarisinə uyğun hərəkətə keçir. Radikallıq da əksər hallarda idarə olunan radikallıq olur. Onların istifadə müddəti başa çatdıqdan sonra bir masa arxasında oturmaq imitasiyası yaradılır. Onları kənarlaşdırırlar.”
O, qeyd etdi ki, bəzən belə qrupları dinc yolla kənarlaşdırmaq olmur: “Çünki silahlı dəstə rəhbəri rasional düşünə bilmir və əsas arqumenti silah olur. Bu baxımdan onları silahlı yollarla əzməkdən başqa çıxış yolu qalmır”.
“Bir daha qeyd edim ki, əlində silah tutan hansısa bir radikalın siyasətə gəlişini yolverilməz hesab edirəm, cəmiyyət üçün də çox qorxulu və ağır fəsadlar verə bilər”, - deyə siyasətçi sözlərini yekunlaşdırdı.
Şərhlər