Ermənistan tərəfi hərbçimizin meyitini qaytarmağa razılaşdı
17.04.2016 16:17 Siyasi reaksiya 1233
Ermənistan aprelin 16-da gecə yarısı döyüş bölgəsində aşkarlanan Azərbaycan hərbçisinin meyitini qaytarmağa razılıq verib.
Musavat.com bu barədə erməni mətbuatına istinadən xəbər verir. Ancaq diqqətçəkən budur ki, ciddi-cəhdlə Qarabağdakı separatçı rejimi danışıqlar masası arxasında oturtmağa çalışan düşmən ölkənin mətbuatı razılığın Dağlıq Qarabağın "müdafiə nazirliyi” tərəfindən verildiyi barədə xəbər yayıb. Dağlıq Qarabağın "müdafiə nazirliyinin mətbuat xidməti”nə istinadən bildirilir ki, artıq Azərbaycan tərəfinə həlak olmuş hərbçinin meyitinin götürülməsi üçün icazə verilib. Həmçinin vurğulanır ki, tanınma Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə aparıla bilər.
Qeyd edək ki, bir gün əvvəl Ermənistan beynəlxalq vasitəçilərin təşəbbüsünü və aprelin 8-də razılaşdırılmış "hamını hamıya” dəyişməklə bağlı anlaşmanı rədd edərək, Azərbaycanın hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina etmişdi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirmişdilər ki, erməni tərəfi səhv etdiklərini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini iddia edib.
Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilmişdi. Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin erməni tərəfinin əlində olması faktın təsdiqləmişdi.
Komissiyadan onu da qeyd etmişdilər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.
Bu məqsədlə, aprelin 16-da gündüz saatlarında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən razılaşdırılaraq müəyyən edilmiş məntəqəyə gəliblər.
Lakin aprelin 16-da saat 22.30 radələrində erməni tərəfi vasitəçilərlə əlaqə saxlayaraq, özlərinin səhv etdiyini, meyitin Azərbaycanın hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər. Görünür, düşmən son anda bu hərəkətinin ona baha başa gələcəyini anlayaraq qərarını dəyişib.
Qeyd edək ki, son döyüşlərdə kiçik gizir Seymur Baxışovun itkin düşdüyü barədə məlumat yayılmışdı.
Şərhlər