Meyitlərin qaytarılması prosesinin pozulmasında Ermənistan günahkardır
18.04.2016 19:53 Siyasi reaksiya 1098
BQXK Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bəyan edir ki, aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisənin xronologiyası da qeyd edilənləri sübut edir. Belə ki, 16 aprel 2016-cı il tarixdə saat 09.15-də Ermənistana məxsushttp://news.am/rus/news/322696.html saytında bir Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayılıb. Məlumat yayıldıqdan dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqə yaradılıb və dəqiqləşdirilməsi barədə məsələ qaldırılıb. BQXK tərəfindən həmin gün, saat 10.00-11.00 radələrində Komissiyaya verilmiş məlumata əsasən, bu qurum məsələni araşdırıb və Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq edib.
Aparılmış danışıqlara uyğun olaraq Azərbaycan hərbçilərinin nəzarəti altında olan ərazidə tapılmış bir Ermənistan hərbçisinin və ermənilər tərəfindən tapılmış bir Azərbaycan hərbçisinin meyitlərinin 17 aprel 2016-cı il tarixdə, saat 10.30-da qoşunların təmas xəttində repatriasiyası barədə razılıq əldə edilib.
Lakin 16 aprel 2016-cı il tarixdə, saat 22.30 radələrində Ermənistan tərəfi beynəlxalq təşkilatlara onlarda Azərbaycan hərbçisinin meyitinin olmadığını bildirib, guya səhv etdiklərini bəyan ediblər. Aid olduqları dini mənsubiyyətlərinə görə azərbaycanlının və erməninin meyitinin fərqləndirilməsi üçün saniyələrin tələb olunduğunu nəzərə alsaq, erməni tərəfinə bu iş üçün 12 saat vaxtın tələb edilməsi başa düşülmür. Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir.
Dövlət Komissiyası erməni tərəfinin çirkin təxribatlarına şəraitin yaradılmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmış, itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırıb.
Bildiririk ki, məsələ Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir. Hazırda aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə axtarış tədbirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Şərhlər