Paytaxt Almatıdan Astanaya necə köçürüldü? - Heç demə, Nazarbayev Xruşşovun ideyasını gerçəkləşdirib
20.04.2016 11:17 Siyasi reaksiya 1550
Qazaxıstan prezidenti ölkəsinin gələcək təhlükəsizliyini düşünüb və paytaxtı dəyişib; Azərbaycan da neft pullarını bu məsələdə daha səmərəli istifadə edə bilərdi
Ya 1995-ci ilin sonlarıydı, ya da 1996-cı ilin əvvəliydi, axır ki, yuvarlaqlaşdırıb desək, 20 il öncəydi, “Yeni Müsavat”ın redaksiyasına bir professor gəlmiş, yazı gətirmişdi. Çox tezliklə məlum oldu ki, bu professor bizə yad adam deyil, o vaxt qəzetimizin yaxın dostu olan, ölkəmizin İrandakı sabiq səfiri Nəsib Nəsblinin atası Loğman Nəsiblidir.
Loğman müəllim öz yazısında o vaxtlar üçün qeyri-adi görünə biləcək bir təklif irəli sürür və onu əsaslandırıdı. Professorun təklifi paytaxtın Bakıdan köçürülməsinə dair idi. O hesab edirdi ki, bir müddətdən sonra Bakıda problemlər yaranacaq və şəhər yaşanmaz hala gələcək, ona görə də Bakının urbanizasiyaya bu qədər sürətlə təslim olmasının qarşısını almaq üçün ölkənin coğrafi baxımından mərkəzi hissəsində yeni bir paytaxt şəhəri salınmalıdır.
O vaxt biz bu yazını dərc etdik, amma professorun məqaləsi yalnız bir neçə gün mətbuatda müzakirə olundu. Kimlərsə cavab yazdı, təklifi bəyənənlər və bəyənməyənlər oldu və məsələ gündəmdən çıxdı.
Paytaxtını köçürən yeganə SSRİ respublikası
Bizim ölkədə olduqca vacib, uzaqgörən bir təklif müzakirəyə belə çıxarılmazkən, dövlət səviyyəsində götür-qoy predmeti olmazkən Xəzərin o tayında, Qazaxıstanda paytaxtın köçürülməsi layihəsi üzərində qızğın iş gedirmiş. Biz bu layihədən bir də ondan xəbər tutduq ki, artıq Qazaxıstanın paytaxtı ölkənin coğrafi baxımdan ucqar yerində, cənub-şərqdə yerləşən Almatıdan (keçmiş adı Alma-ata) nisbətən mərkəzə, yeni adıyla Astana adlanan şəhərə köçürülüb. Keçmiş SSRİ republikalarında paytaxtını dəyişən yeganə ölkə hələlik Qazaxıstandır.
Alaş-qala, Orenburq, Qızıl Orda, Almatı... və Astana
Qazaxıstanın ilk paytaxtı 1917−1920-ci illərdə Alaş-qala, indiki Semipalatinsk olub. Sonra RSFSR-in tərkibində Qırğızısıtanla birlikdə muxtar respublika olan ölkənin paytaxtı Orenburq, 1925-ci ildə Qazaxıstan MSSR yaradıldıqda isə paytaxtt Ağ Məscid şəhərinə köçürülüb və şəhər Qızıl Orda adlandırılıb.
(Almatı)
1929-cu ildə Qazaxıstan birbaşa SSRİ-yə daxil olan müttəfiq respublikaya çevrildikdən sonra isə ölkənin paytaxtı Alma-Ata (sonradan Almatı) şəhəri seçilib.
Bundan əvvəl isə bizim ortabab rayon mərkəzləri boyda olan Aqmola şəhərində böyük tikinti-quruculuq işləri aparılıb, köhnə əyalət şəhəri müasir meqapolisə çevrilməsinin əsası qoyulub.
Akademikin təklifi, Xruşşovun təsdiqi
Heç demə, Qazaxıstanın paytaxtının köçürülməsi ideyası hələ SSRİ rəhbəri Xruşşovun vaxtında ortaya atılıb. Akademik Kanış Satpayev SSRİ rəhbərliyinə yazıb ki, Qazaxıstanın coğrafi mərkəzi Karaqanda və Selinoqrad (indiki Astana) olduğundan paytaxt o şəhərlərdən birinə köçürülsə yaxşı olar. Sonradan Nazarbayev Qazaxıstan KP MK-nın birinci katibi olanda bu məruzəni oxuyub və fikirləşib ki, akademik haqlıdır.
(SSRİ rəhbəri Nikita Xruşşov)
Deyilənə görə, Xruşşov 1964-cü ildə devrilməsəymiş, Qazaxıstanın paytaxtını deyilən şəhərlərdən birinə köçürəcəkmiş. O, bu barədə xam torpaqlarda çalışan bir neçə adama deyibmiş.
Nazarbayevin Yeltsinə yarızarafat-yarıgerçək cavabı
(Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nusultan Nazarbayev)
Ötən əsrin 90-cı illərinin ortasında Rusiya prezidenti Boris Yeltsin Nazarbayevdən paytaxtı köçürməsinin səbəbini soruşanda Elbaşı (N.Nazarbayevin milli titulu) ona yarızarafat-yarıgerçək deyib ki, paytaxtı Moskvaya yaxın olmaq üçün köçürür.
Gerçəkdən də belə bir fakt var: Qazaxıstanın qərbində yaşayan bir şəxs Moskvaya saat yarıma, öz ölkəsinin paytaxtı Almatıya isə üç saata uçur.
Bəs paytaxtın köçürülməsinin əsl səbəbləri nə olub?
Paytaxtın Almatıdan Astanaya köçürülməsinin həm iqtisadi, həm siyasi, həm coğrafi, həm də demoqrafik səbəbləri olub.
1. İqtisadi səbəb odur ki, paytaxt bu ərazicə böyük ölkənin lap kənarında idi və müxtəlif yük daşımalarına (adətən paytaxta və taytaxtdan daşımalar çox intensiv və irihəcmli olur) milyonlarla izafi vəsait xərclənirdi. İndi ölkənin mərkəzində yerləşən Astanaya daşınan və Astanadan daşınan yüklərə o qədər də çox vəsait sərf olunmur. Həm də ölkə iqtisadi baxımdan tərəqqidə olan, inkşaf edən, yüksək rifaha malik daha bir şəhər əldə edib.
2. Ölkənin əvvəlki paytaxtı Almatı seysmik zonada yerləşdiyindən bu şəhərin sonrakı inkişafı, yəni əhalisinin artıb dünya meqapolislərinə çatması özlüyündə yüksək risk əmsalı daşıyıb. Astana isə seysmik baxımdan sakit bir regionda yerləşir və burada dağıdıcı təbii fəlakətlərin olacağı gözlənilmir. Əslində coğrafi baxımdan ölkənin mərkəzi Çezkazqan şəhəri sayıla bilər, amma paytaxt olaraq Astananın seçilməsi göstərir ki, bu seçimdə coğrafi mərkəziyyət məsələsi o qədər də ciddi rol oynamayıb.
3. Demoqrafik səbəbə gəlincə, o zaman ölkənin dörd bir yanından Almatıya axın vardı - çünki bu şəhər həm siyasi, həm inzibati, həm iqtisadi, həm də mədəni mərkəz idi. Özünü təsdiqləmək, karyera qurmaq, dolanışıq əldə etmək istəyənlərin hamısı Almatıya axışırdı. İndi isə axın ən azı iki istiqamətdir – inzibai mərkəzə, Astanaya və mədəni mərkəzə, Almatıya.
4. Paytaxtın Astana köçürülməsinin siyasi və daha böyük səbəbi isə Qazaxıstanın bütün qeyri-slavyan ölkələrlə müqayisədə daha sürətlə və total şəkildə rusifikasiya (ruslaşdırma) siyasətinə məruz qalmasıdır.
Sovet dövründə də heç kəsə sirr deyildi ki, Qazaxıstanda əhali daha çox rusca danışır və slavyan mənşəli xalqların nümayəndələri, eləcə də digər qeyri-türk millətlərə məxsus şəxslər yerli əhalidən daha artıqdır. Ölkə rəsmən Qazaxıstan adlansa da, tarixən qazax türklərinin yurdu olsa da, ölkənin şimali get-gedə yüksələn templə ruslaşdırılırdı. Paytaxtın Astanaya köçürülməsindən sonra artıq bu proses səngiyib. İndi paytaxt Astanada ən çoxsaylı etnik qrup qazaxlardır.
Biz də belə etsəydik...
Paytaxtın köçürülməsi xüsusunda bizdə bənzər milli-siyasi problem olmasa da, iqtisadi və demoqrafik problem vardı. Professor Loğman Nəsibli bunu on il öncədən görmüşdü. Onun sözü gedən məqaləsindən sonra, təxminən 2006-cı ildə Bakıının ən böyük problemlərindən biri tıxaclar oldu. Məlum oldu ki, şəhərdə sıxlıqdır, əhali çoxdur, yollarda hərəkət etmək mümkün deyil. Məhz ondan sonra Bakıda çoxsaylı tunellər, körpülər, yol ötürücüləri, yol qovşaqları tikilməyə başlandı, dairəvi yol çəkmək vacib oldu və buna külli miqdarda, hətta fantastik məbləğdə vəsait sərf olundu.
Ancaq ölkə rəhbərliyi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təxminən eyni vaxtda paytaxtın köçürülməsi layihəsinə start versəydilər, bizim yeni tunellərə, körpülərə, yol ötürücülərinə, göydələnlərin, dövlət binalarının tikilməsinə, təmirinə sərf olunan vəsaitlə gerçəkdən də yeni bir paytaxt tikib başa gətirmək olardı. O templə həmin o nəzəri paytaxtımızın bu gün 10 yaşı və 1 milyon əhalisi olardı.
Bundan ötrü elə bir yer seçilə bilərdi ki, Kür çayı yeni salınacaq şəhərin ortasından keçsin və paytaxt çayın sağ və sol sahilində yerləşsin. Astana da, bir çox Avropa paytaxtları kimi, o cürdür, şəhərin yarısı İşim çayının sağında, yarısı solunda yerləşir.
Astananın yapon və ingilis memarları
Astana heç də bizdəki Ramana qəsəbələri kimi özbaşına və necə gəldi, tikilməyib. Şəhər plan əsasında, perspekivləri, bütün kommunikasiyaları, hər şeyi nəzərə alınmaqla tikilib.
(Kise Kurokava)
(Norman Foster)
Bu şəhərin salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyaca ünlü tanınmış memarlar rəhbərlik edib. İnsaf naminə deyək ki, memarlar işlərinin öhdəsindən yaxşı gəliblər.
1999-cu ildən YUNESKO tərəfindən "Dünya şəhəri" statusunu alıb. Burada dörd ali məktəb, filarmoniya, muzey, teatr və kitabxanalar var.
Astana – kriminal aləm üçün qırmızı şəhər
Astananı qırmızı şəhər adlandırırlar. Ona görə ki, regionda ən aşağı cinayətkarlıq səviyyəsi məhz Astanadadır. Bu termini cinayətkarlar dövriyyəyə salıb. Onların jarqonuyla harasa “qırmızı məkan” adlandırılırsa, bu, o deməkdir ki, hüquq-mühafizə orqanları kriminogen duruma tam nəzarət edirlər və ora burun soxmağın mənası yoxdur.
Paytaxtın simvolu
Astana-Bayterek abidəsi şəhərin simvolu və vizit kartı hesab olunur. Monumentin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. 97 metr yüksəklikdə şəhərin panoramasını seyr etmək üçün rəsədxana yerləşir. Adibəyə qalxmaq üçün liftdən istifadə olunur. Bayterek dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır. Bayterek sözünün mənası hündür qovaq ağacı deməkdir. Abidənin maraqlı fəlsəfəsi var. Bu yumurtalarını qovaq ağacının başında qoyan xoşbəxtlik quşu Simurqla bağlıdır.
Rezüme
Bu gün Astananın gözəlliyinə, rahatlığına, qazax dövlətinin idarə olunmasına, qazax millətinin toparlanmasına baxdıqca görürsən ki, paytaxtın vaxtında köçürülməsi çox müdrik addım olub. Qazaxıstan rəhbərliyi ölkəyə gələn milyardlarla neft dollarlarını səmərəli xərcləyib, millətin gələcəyinə sərmayə qoyublar. Astananı və astanalıları görən əcnəbilər ona geridə qalmış Asiya ölkəsi kimi baxa bilməzlər. Çünki bu xalqın yaratdığı Astana kimi əsər ortadadır.
Biz də elə edə bilərdik. Fəqət tarixi şansı qaçırdıq. İndi oturub neftin yenidən bahalaşmasını gözləməliyik.
(Musavat.com)
Şərhlər