Əli Həsənovdan sərt Qarabağ açıqlaması: “Onlar "xristian qardaşlığı”...”

27.04.2016 13:07     Siyasi reaksiya     934

“Son 20 ildə baş verən münaqişələrlə bağlı media orqanlarında fərqli baxışları müşahidə edirik. Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və “xristian qardaşlığı” kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük”.

 

Publika.az xəbər verir ki, bu fikirləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Media peşəkarlığı: zorakı ekstermizimin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Prezidentin köməkçisi bildirib ki, burada münaqişənin təşəbbüskarı “qurban” kimi təqdim edilir. Onun sözlərinə görə, Ermənistan mediası türkfobiya təbliğatı aparır: “Bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük geniş yayılıb. Həm keçmiş sovet respublikalarında, həm də Yaxın Şərqdə olan münaqişələr, etnik təmizləmə, tarixi və dini abidələrə qarşı vandalizm aktları ilə müşahidə olunur. Bugünkü sessiyada zorakı esktremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir. Bəzi hallarda bu, siyasi rejimlər tərəfindən edilir. Bəzi hallarda da bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər”.

 

Ə.Həsənov qeyd edib ki, Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğat aparır: “Ermənistanın keçmiş və indiki rəhbərləri  iki xalqın birgə yaşamasının qeyri-mümkünlüyü ilə bağlı absurd fikirlər bildirirlər. Ermənistanın rəsmi qurumları media vasitələrinin yaradılmasına cəlb edilir. Bu istiqamətdə təbliğat aparırlar”.

 

Ə.Həsənov bildirib ki, Azərbaycan demokratik, dünyəvi dövlətdir: “Azərbaycan hökuməti vətəndaşlara bərabər hüquqları tanıyır. Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir. Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”.

Şərhlər

Çox oxunanlar