Müsavatla Milli Şura seçkilərə birgə qatıla bilər

02.06.2015 17:17     Siyasi reaksiya     1304

Builki parlament seçkilərində Milli Şura ilə Müsavat Partiyası arasında funskional əməkdaşlığın qurulması gözlənilir. Bunu Reaksiya.Az-a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirib. O qeyd edib ki, Müsavat Partiyası seçkilərə ciddi hazırlaşır: “Biz artıq bu istiqamətdə təşkilatçılıq işlərinə başlamışıq, 70-ə yaxın rayon təşkilatında qüvvələrimizi səfərbər etmişik: “70-dən çox seçki dairəsində namizədlər, müşahidəçilər, seçki kampaniyaları ilə məşğul olacaq şəxslər müəyyənləşib. Hazırda bu istiqamətdə fəal addımlar atırıq və seçkilərə mümkün qədər çox namizədlə qatılmaq fikrindəyik. Lakin ölkədə demokratik seçki mühiti və siyasi məhbuslar problemi var, belə bir şəraitdə mübarizə aparmaq, siyasi fəaliyyətlə məşğul olmaq çətindir. Bütün problemlərə baxmayaraq, Müsavat Partiyası seçkilərdə fəal iştirak etməyə qərarlıdır”.

Müsavat funksioneri əlavə edib ki, seçkilər dövründə müxalif qüvvələr arasında ittifaqın və ya sıx əməkdaşlıq vğın olması vacib amildir: “Biz digər qüvvələrlə əməkdaşlığa hazırıq. Müəyyən məqamlarda funksional əməkdaşlıq edə bilərik. Hazırda Milli Şura ilə Müsavat Partiyası arasında əməkdaşlığa dair danışıqlar gedir, əsas müddəalar üzərində müzakirələr aparılır. AXCP-dən də, Müsavatdan da bu istiqamətdə təşəbbüslər var. Demokratik seçki mühitinin yaxşılaşdırılması, birgə mitinqlərin təşkili ilə bağlı əməkdaşlıq edə bilərik. Bizim fikrimiz odur ki, seçkilərdə mümkün qədər çox müxalif namizəd iştirak etsin”.

M.Hacıbəylinin sözlərinə görə, partiyadan son 1 ildə ayrılmış sabiq müsavatçılarla isə yenidən əməkdaşlıq üçün zəruri səbəblər yoxdur: “Son bir il ərzində partiyamızda möhkəm strukturlaşma gedib, demək olar ki, faktiki təmizləmə olub. İndi partiya əvvəlkindən daha güclüdür. Seçkilərdə partiya olaraq iştirakımız üçün lazımi sosial və intellektual bazamız da var”.

 

Rüfət

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar