“Gürcüstan əsilli azərbaycanlılar üçün sərhəddə Miqrasiya xidmətinin əməkdaşları fəaliyyət göstərsin” - Əflatun Amaşov

06.05.2016 13:38     Siyasi reaksiya     984

“Gürcüstanda yüz minlərlə Gürcüstan əsilli azərbaycanlı yaşayır, onların çoxu 3 aydan bir Azərbaycana gəlir, qayıdır.

Bu şəxslər Azərbaycanda olarkən “Asan xidmət” mərkəzlərində, yaxud miqrasyia qurumlarında müvəqqəti qeydiyyata düşməlidirlər”.
Reaksitya xəbər verir ki, bunu millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, lakin bir çox azərbaycanlılar zamanında müvəqqəti qalma yeri ilə bağlı qeydiyyata düşmədikləri üçün cərimələnir, Azərbaycana gəlişinə qadağa qoyulur.  
Ə.Amaşov təklif edib ki, problemin aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində Miqrasiya Xidmətinin müvafiq əməkdaşları da fəaliyyət göstərsin, yerində qeydiyyatla bağlı məsələni həll etsin.
Millət vəkili bundan əlavə, Gürcüstanda qadağan olunan, ancaq Azərbaycanda qadağan edilməyən bir sıra dərman vasitələrinin Gürcüstana gedən azərbaycanlılar tərəfindən aparılması zamanı ciddi problemlərlə üzləşdiklərini, polis şöbələrində sorğu-suala məruz qaldıqlarını və cərimələndiklərini nəzərə çatdırıb.
O, bu problemin həlli üçün iki ölkə arasında ölkələrdə qadağan edilən və edilməyən dərman vasitələri barədə məlumat mübadiləsinin zəruri olduğunu vurğulayıb. 
Spiker Oqtay Əsədov isə Gürcüstan əsilli azərbaycanıların sərhəd-keçid məntəqələrində qeydiyyatla bağlı Miqrasiya Xidmətinin əməkdaşlarının fəaliyyəti ilə bağlı məsələyə baxılmasını mümkün sayıb. 

Şərhlər

Çox oxunanlar