Əli Əhmədov: Bu gün YAP sıralarında gəncləşmə gedir
06.05.2016 16:41 Siyasi reaksiya 1108
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) 700 000-ci üzvünə - YAP-ın Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Məmmədova Xatun Fərdah qızına partiya vəsiqəsi təqdim edilib.
Trend-in məlumatına görə, vəsiqənin təqdim edilməsi mərasimində çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta düşdüyünü xatırladıb.
Heydər Əliyevin doğum günü ilə əlaqədar bir çox tədbirlərin keçirildiyini deyən Ə.Əhmədov bildirib ki, 700 mininci vəsiqənin verilməsi partiyanın sıralarının getdikcə genişləndiyini göstərir: "Bu, Prezident İlham Əliyevin siyasətinə ehtiramın nəticəsidir. Bu gün Prezident İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olduğu məlumdur".
Partiyanın sədr müavini deyib ki, YAP-a ildə 25 min nəfər yeni üzv daxil olur. Bunların sırasında gənclər üstünlük təşkil edir: "Bu bizi sevindirir. Bu gün YAP sıralarında gəncləşmə gedir. Bu, partiyanın parlaq gələcəyindən xəbər verir. Bu gün Prezident də özünün kadr seçimində gənclərə üstünlük verir. Azərbaycanın gəncləri YAP sıralarında özlərinin inkişafı üçün çox gözəl mühit görürlər".
YAP-ın parlamentdə ən çox təmsil olunan partiya olduğunu xatırladan Ə.Əhmədov bildirib ki, gənclərin YAP-ı seçməsinin əsas səbəblərdən biri onların Prezident İlham Əliyevin siyasətinə inanmasıdır: "Təbii ki, bu gənclərin sıralarında Azərbaycanın görkəmli xadimləri olacaq şəxslər yetişirlər. Əminəm ki, gənclər bu addımlarında yanılmırlar".
Şərhlər