Ordumuzun döyüş texnikası meydana çıxarıldı - FOTOLAR

10.05.2016 20:32     Siyasi reaksiya     1817

Müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada təlimləri izləyib.

2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Bir neçə gün əvvəl müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

Mayın 6-da "Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.

Şərhlər

Çox oxunanlar