Prezident İlham Əliyev: “Dağlıq Qarabağdakı separatçı meyillər süni şəkildə ortaya atılmış təxribatdır”

10.05.2016 21:41     Siyasi reaksiya     869

Azərbaycan prezidenti İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qısa mesajlar paylaşılıb.
 
Prezident İ.Əliyev yazıb: “Azərbaycan faşizm üzərində Qələbənin əldə olunmasında böyük rol oynamış, Azərbaycan xalqı müharibə illərində qəhrəmanlıq göstərmişdir”.
 
Ölkə başçısı Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətlər göstərdiyini, ölkəni tənəzzüldən, xaosdan inkişafa, tərəqqiyə doğru apardığını qeyd edib.
 
İ.Əliyev onu da əlavə edib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi özünü dünya miqyasında təsdiqləmiş və inkişaf yolu ilə inamla irəliləyən ölkədir: “Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi müstəqilliyin möhkəmlənməsidir. Biz müasir dövrün bütün çağırışlarına hazırıq”.
 
Bu gün həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları və təhlükəsizliyinin dayandığını vurğulayan dövlət başçısı “Azərbaycanda bütün uğurlar ancaq xalqın zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə edilmişdir” - deyə əlavə edib.
 
Prezident bildirib ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək, ölkə qarşısında duran bütün məsələlər öz həllini tapır və  tapacaqdır.
 
Ermənistanla yaşanan münaqişəyə də toxunan ölkə başçısı vurğulayıb ki, Dağlıq Qarabağda separatçı meyillər süni şəkildə ortaya atılmış təxribat olmuşdur. İndi də Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır.
 
Sonda prezident İ.Əliyev 2016-cı ilin aprelində Azərbaycan ordusunun əks-hücumunun Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin gücünü, xalqın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini qeyd edib: “Azərbaycanın qarşısında duran əsas vəzifə beynəlxalq hüquq əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir”.
 
Musavat.com
 

Şərhlər

Çox oxunanlar