Kim Çen In, Lavrov və İsa Qəmbəri nə “birləşdirir”? -“Od olmasa, tüstü çıxmaz”
21.05.2016 16:36 Siyasi reaksiya 1882
“Əgər qəzetlər yazmağa başlasa ki, siqareti atmaq lazımdır, mən qəzet oxumağı ataram”. Çörçillin vaxtilə dediyi bu sözləri siqaret çəkən az adam bilir. Yəqin Çorçill indiki dünya liderlərini - məsələn, Şimali Koreyanın dəlisoy (məhz soy) lideri Kim Çen Inı görüb tanısaydı, siqarla da, həyatla da vidalaşardı. “Hitlər kişi adam”idi deyərdi. Çörçilldən sonra Avropanın xəritəsi də dəyişib, diplomatiya da dəyərlər də. Dəyişməyən isə...
Siqaramın dumanı...
Kim Çen In Şimali Koreya lideri kimi də, dünyanın danışdığı adam kimi də ...adam deyil. Bunu hamı deyir. Amma adam həyatında ilk dəfə bir doğru iş tutub. Əgər doğrusa, In siqareti tərgidib. Gəl ki, onun uzun yaşaması cənublu koreyalıları o qədər də sevindirməz. Amma bu da bir nümunədir...
Bu siqaret elə bir şögərib adətdir ki, “od olmasa, tüstü çıxmır.” Yəni siqaret çəkəndə də, tərgidəndə də hamı bilir. Tərgidən hamıya deyir bu xoş xəbəri, çəkən daha bir siqaret yandırır, çəkib-tərgidib sonra yenə çəkən isə “söhbəti dəyiş" deyir. Amma el dili ilə desək, üzdə olan adamlar, ən əsası da dövlət görəvliləri tüstü aludəçisidirsə, məsələ lap qəlizləşir.
Məsələn, axtarış sistemlərində Türkiyədə nəinki damağında, barmağının arasında siqaretli bir siyasətçi fotosu axtarıb tapmaq müşkül işdir. Anadolular çox siqaret çəkir, hökumətin qərarı ilə hər yerdə çəkə də bilmir, amma siyasətçilər ictimaiyyət arasında siqaretlə görünsə, bu “anaşa” kimi bilinər. Nyəsini bir özləri bilir, bir də sirqetdən uzaq olan Ərdoğan.
***
Azərbaycanda siqaret çəkən şou-məşhurları da, hökumət adamları da bunu xəlvətdə edir. “Azərbaycanda nazirlərdən kim siqaret çəkir” soruşsaz, ən stajlı jurnalist yəqin siqaretinə bir dərin qullab vurub yalnız gördüyü yox, eşitdikləri adları deyə bilər.
Sabiq spiker Rəsul Quliyevin vaxtilə siqaret çəkdiyi məlumdur. ABŞ-da da deyəsən, tərgitmədi. Mərhum Heydər Əliyevin həyatı boyu bu pis vərdişi olmayıb. Eks-prezidentlər sırasında Əbülfəz Elçibəy siqaret çəkən idi. Yeri gəlmişkən, Azərbaycan jurnalistikasının bu sarıdan bəxti heç gətirməyib. Jurnalistlər çox siqaret çəkir, təəssüf ki...
Müxalifət liderlərindən isə siqaret çəkən çox azdır. Zarafatla “xalqın dərdini çəkməkdən siqaret çəkməyə vaxtları yoxdur” deyə də bilərik. Müxalifət sırasında siqaret çəkən deyəndə ilk yada Müsavatın sabiq başqanı İsa Qəmbər düşür. İsa Qəmbər tütün sevənlərdəndir və bunu bilmək üçün onun necə “şirin” siqaret çəkməsinə şahidlik yetər. AXCP sədri Əli Kərimlinin siqaretlə yoldaşlığı olmayıb. Arif Hacılı və Pənah Hüseyn kimi taınmış simalar da siqaretdən uzaqdırlar. Milli Şura sədri Cəmil Həsənli də siqaret çəkməyənlərdəndir.
Putin Lavrovla bacara bilmir, Obamanı arvadı “yola gətirib”
Rusiya mənbələrində Azərbaycandan fərqli olaraq bu mövzuda tabu yoxdur. Əksinə, Rusiyanın idmanı sevən prezidenti Vladimir Putin bir neçə yaxın adamına siqareti necə tərgitdirdiyi ilə bağlı faktlar da var. Prezidentin mətbuat katibi Dmitri Peskov siqaret çəkən olub. Amma prezidentlə hər gün yaxın təmasda olan Peskov siqareti tərgidib. Bunun üçün Putinə minnətdardır da.
Yeri gəlmişkən, Putinin siqaret çəkib-çəkməməsi haqda da çoxsaylı iddialar var. Bu söz-söhbət məşhur kriminal avtoritet Aslan Usoyan 2013-cü ildə öldürüləndən sonra ortaya çıxıb. Guya Usoyanla bir məclisdə olan fotada Putinin əlində siqaret var. Putin isə siqaret çəkmir, siqaret çəkən yaxın adamları ilə mübarizə aparır. Burda da zəruri bir qeyd edək ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov, Rusiyanın ilk prezidenti Boris Yeltsin siqaret çəkən olmayıb. Rusiyanın sabiq prezidenti və indiki baş naziri Dmitri Medvedyev də siqaretə qarşı olanlardandır.
Rusiya hökuməti siqaret yasağı ilə bağlı bir sıra qanunlar qəbul etsə də, hələ ki, bu mübarizədə xüsusilə bir nəfərə uduzur. Bu, xarici işlər naziri Sergey Lavrovdur. Sergey Lavrov hələ BMT-də Rusiyanı təmsiıl edəndən “kurilşik” kimi tanınır. Rusiya mənbələri yazır ki, BMT-nin o vaxtkı rəhbəri Kofi Annan təşkilatın binasında siqaret çəkməyi yasaqlayıbmış. Amma Lavrovla bacarmaq mümkün olmayıb, hətta Annanla bu məsələdə toqquşub da. BMT rəhbəri isə Lavrovun siqaretsiz qala bilmədiyini və “siqaret çəkmək hüququnu” ciddi müdafiə etdiyi üçün geri çəkilməli olub. Onun “siqareti tərgidəcəm” vədləri də olub, amma son xəbərlərə görə, hələ də külqabıdan əl çəkmir. Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Kozak da siqaretlə vidalaşa bilmir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu əvvəllər siqaret çəkib, amma müdafiə naziri gətiriləndən sonra siqareti tərgidib. Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov da siqaretlə vidalaşanlar siyahısındadır.
ABŞ prezidenti Barak Obama hələ 2008-ci ildə seçki kampaniyasına başlayanda onun siqaret çəkməsi mediada ciddi müzakirələrə səbəb olmuşdu. 2009-cu ildə artıq Ağ Ev sahibi etiraf etmişdi ki, ziyanlı vərdişlə mübarizə aparır. Belə ki, siqaretlərin sayını azaldıb və ailə üzvlərin yanında çəkmir. 2012-ci ildə birinci ledi Mişel Obama müsahibələrinin birində demişdi ki, artıq əri siqareti tərgidib və bunu üçün qızlarına minnətdardır. 2013-cü ildə Obama BMT-də də ABŞ nümayəndəsi Maina Kiai ilə kuluar söhbətində etiraf edib ki, siqareti həyat yoldaşının qorxusundan tərgidib.
Nə qədər gec deyil, siqareti tərgidin. In nümunə adam deyil, siqaret elə pis vərdişdir ki, ondan qurtulmaq üçün hətta diktatordan da nümunə götürmək olar...
Musavat.com
Şərhlər