Azərbaycan XİN rəhbəri: “Status-kvo” ciddi hərbi toqquşmalara gətirib çıxara bilər”
23.05.2016 16:21 Siyasi reaksiya 1213
“Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, “status kvo” etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır”.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər. “Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar”la hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Şərhlər