Ermənistan tərəfi atom silahlarının olmadığını bəyan etdi

25.05.2016 18:38     Siyasi reaksiya     1269

Samvel Arutyunyan: "Bizim ölkəmizdə heç bir atom silahı yoxdur".

Ermənistanın hərbi sənayesi var, amma atom silahı yoxdur. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu  jurnalistlərə açıqlamasında Ermənistanın Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri Samvel Arutyunyan Ermənistan parlamentinin deputatı Qrant Baqratyanın ölkəsinin atom silahı olması barədə fikirlərini şərhedərkən deyib.

Onun sözlərinə görə, deputat Q.Baqratyanın Ermənistanın atom silahı olması barədə fikirləri doğru deyil: "Bizim ölkəmizdə heç bir atom silahı yoxdur və Ermənistan onu əldə etməyə də hazırlaşmır".

Komitə sədri ”Bizim hərbi sənayemiz var və inkişaf edir” fikirlərini səsləndirdiyi zaman jurnalistlər ona Ermənistan Milli Elmlər Akademiyasının üzvü Radik Martirosyanın “Ermənistanda silah istehsalı mürəkkəb və bədxərc prosesdir” sözlərini xatırladıblar. Sədr isə  jurnalistlərə eyhamlı şəkildə akademikin yaşınının çox olmasını göstərib.

Samvel Arutyunyan- Ermənistanın Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri
Samvel Arutyunyan- Ermənistanın Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri

Bir müddət bundan əvvəl Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahına sahib olduğunu deyib.

Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. Baqratyan bu barədə nə isə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var. Atom silahımız var". 

Baqratyanın çıxışından əvvəl də İrəvan Azərbaycanı “çirkli bomba” ilə hədələyib. “Komandos” ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan bu məsələnin üstünü açıb. O deyib: “Bizdə elə bir silah var ki, Azərbaycanın bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin. Buna görə də mən silah-sursatın siyahısını açıqlayanları çox tənqid etmirəm. Onlar göstərməyə çalışıblar ki, guya nəsə bilirlər, amma bu, Azərbaycan üçün elə də faydalı olmayıb”.

Deputat Qrant Baqratyan
Deputat Qrant Baqratyan

Baqratyandan sonra Ermənistan yenidən Azərbaycanı nüvə hücumu ilə hədələyib. "Daşnaksütyun" partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib ki,  Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlama verməyə əsası var.

"Qrant Baqratyan danışdığını bilir. Sabiq baş nazirin belə bəyanat verməsinə əsas var. Biz, həqiqətən, atom energetikasını inkişaf etdirən ölkəyik. Amma başqa heç nə deyə bilməyəcəm. Bu, hərbi sirdir”, - deyə Armen Rüstəmyan bildirib.

O, Ermənistanda radioaktiv silah istehsal ediləcəyini də bildirib. “Kim deyib ki, bu, bizdə qadağandır? Kim deyib ki, biz silah istehsal etmirik?” - deyə Rüstəmyan bildirib. 

Ermənistan tərəfinin bu bəyanatlarından sonra Avropa İttifaqı (Aİ) bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracağını deyib. 

“Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz”, - deyə Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib.

Federika Mogerini - Aİ diplomatiyasının rəhbəri
Federika Mogerini - Aİ diplomatiyasının rəhbəri

 

Şərhlər

Çox oxunanlar