Gözəl Bayramlı: "Mitinqlərə davam edəcəyik"

02.06.2015 18:37     Siyasi reaksiya     1394

Milli Şura yaxın zamanda yenə mitinqlər keçirmək niyyətindədir və AXCP bütün qüvvəsiylə bu mitinqlərdə iştirak edəcək.

Bunu Reaksiya.Az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı bildirib.

O qeyd edib ki, mitinqlərə bir dəfə az, bir dəfə isə çox adamın gəlməsi anlaşılandır və burda ciddi problem axtarmağa dəyməz: "Milli Şuranın keçirdiyi mitinqlərə, eləcə də son mitinqə yetərincə vətəndaş qatılmışdı və mən hansısa uğursuzluq görmürəm. Bəzi mətbuat nümayəndələri mitinqdən əvvəlki şəkilləri sosial şəbəkələrdə və KİV-də paylaşıb belə qələmə verməyə çalışır ki, guya mitinqə az adam gəlib. Lakin belə deyil. Düzdür, insnaların çoxu mitinqlərə qatılmağa çəkinir, lakin artıq müəyyən elektorat formalaşıb ki, davamlı olaraq mitinqlərdə iştirak edir, öz mövqeyini bildirir. Mitinqlərin keçirilməsi üçün daha yaxşı şərait yaradılmalıdır. Dar bir meydança ilə, "Məhsul" stadionu ilə kifayətlənməli olmuşuq, həm də mitinqlərin bazar günündə keçirilməsi üçün imkan yaradılmalıdır. Şənbə günləri hər istəyən adam mitinqə gələ bilmir".

G.Bayramlı siyasi fəaliyyətə yeni yanaşmalarla bağlı suala cavab olaraq deyib ki, mitinqlər bütün dünyada siyasi fəaliyyətin əsas texnologiyalarından biridir: "Milli Şura mitinqlərə davam edəcək. Hazırda növbəti mitinqlə bağlı qərarı koordinasiya komitəsi müzakirə edir və mən heç nə deyə bilmərəm. Lakin onu vurğulayım ki, Milli Şura parlament seçkilərinə qədər daha da fəallaşmağı, mitinqlərə daha çox adam toplamağı qarşısına məqsəd qoyub".

AXCP sədrinin müavini saxta profillərlə bağlı ittihamların da əsassız olduğunu deyib: "Realda insanlar açıq şəkildə mövqeyini nümayiş etdirməyə çəkinir, ona görə də, sosial şəbəkələrlə müqayisədə mitinqlərdəki fəallıq zəif görünür. Lakin AXCP-nin on minlərlə üzvü var və biz elektoratımızın heç də zəif olmadığı fikrindəyik".

Gözəl Bayramlı parlament seçkiləri öncəsi digər müxalif qüvvələrlə əməkdaşlıq məsələsinə birmənalı münasibət bildirməyib: "Bu partiyalar özləri istəməlidir. Əlbəttə ki, müxalifət qüvvələri arasında əməkdaşlıq olsa, mübarizə daha səmərəli olar. Amma mən konkret nəsə deyə bilmərəm".

Rüfət 

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar