Əsrimizin Cümhuriyyəti – Aqil Ələsgər yazdı

28.05.2016 14:01     Siyasi reaksiya     997

Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti,

Müstəqil olmuş vətən əzmü mətanət gözləyir.

Qoymayın olsun xəzan gülzari-istiqlalımız,

Sizdən istiqlalımız parlaq təravət gözləyir.

(Məhəmməd Hadi)

Müstəqillikdən, istiqlaldan danışarkən gözümün önündə canlanan əfsanələrdən biri Məhəmməd Hadidir. O Hadi ki, Çanaqqalada türkün istiqlalı üçün vuruşmuşdu. O Hadi ki, “yox millətimin xətti bu imzalar içində” deyərək, üsyan bayrağını qaldırmışdı… Sadəcə Hadimi?

Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov, Əlimərdan bəy Topçubaşov, Əkbər ağa Şeyxülislamov, Mir Hidayət bəy Seyidov,         Xudadad bəy Məlikaslanov, Xosrov bəy Sultanov, Firudin bəy Köçərli, Həmid bəy Şahtaxtinski, Hacı Səlim Axundzadə, Mustafa Mahmudov və başqaları…Bir ittihadçı ilə bir hümmətçini çıxarsaq, cəmi 24 nəfər İstiqlalımız üçün əl qaldırdı… Sultanməcid Qənizadə və Cəfər Axundov bu tarixi ana bitərəf qaldılar…

Bu isimlər bu gün qürurla “bir kərə yüksələn bir daha enməz” dediyimiz üç rəngli bayrağımızı yüksəldən isimlərdi…

“Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” – Bu cümlə Hadinin “yox millətimin xətti bu imzalar içində” sözlərinin “var millətimin xətti bu imzalar içində” olaraq dəyişməsi demək idi…

Nadir şahdan sonra xanlıqlara, bəyliklərə parçalanan və bir əsrə yaxın işğal altında olan, heç bir dövlətçilik təcrübəsi olmayan, yarısını erməni daşnaqlarının, yarısını ingilisin-fransızın işğal etdiyi torpaqlarımızda yeni dövlət qurmaq istəyən bir ovuc vətənsevərdi.

Bu gün o kişilərin qaldırdığı bayraq altında dayanıb, o dövrü mühakimə etmək çox asandır. Bir də onların prizmasından baxaq məsələlərə…

Doğrudur, İrəvanın ermənilərə paytaxt olaraq verilməsi birmənalı olaraq səhv addım idi. Fəqət unutmayaq ki, o qərarı verən Milli Şura Azərbaycanın müstəqilliyini belə öz torpaqlarımızda deyil, Tiflisdə elan edə bilmişdi. Paytaxt Bakını ancaq dörd ay sonra geri ala bilmişdi. Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu gəlməsəydi, müstəqil Azərbaycanın Gəncə və Qarabağdan bu tərəfə irəliləyəcəyi belə qaranlıq idi. Könüllü birliklərin əlindəki silahlarla əlimizdəki torpaqları belə uzun müddət qoruması mümkünsüz idi… Yəni, Milli Şura öz nəzarətində olan torpaqlardan vaz keçmədi, Azərbaycanın olsa da, onsuz da işğal edilmiş torpaqların bir qisminə iddiasını müvəqqəti əl çəkdi… Səhv qərarmıydı? Bəli! Fəqət dövrün şərtlərini anlamadan yazarsaq, 2 aprel 2016-cı ildə başlanan və 4 apreldə üstünlük bizdəykən dayandırılan uğurlu əməliyyatı da yüz il sonra yanlış anlayarlar…

Eyni zamanda belə bir fikir təhtəlşüurumuza ötürülür ki, İrəvanın verilməsi Osmanlı Türkiyəsinin diqtəsi ilə olmuşdu və Nuru Paşa Bakını xilas etmədi, səhvini düzəltdi. İnciməyin, amma bu düşüncədən Kreml iyi gəlir. Yenə dönəmin şərtlərinə baxaq. O dönəmdə Osmanlımı qalmışdı? Paytaxtı işğal edilmiş, Birinci Dünya Müharibəsinin ən ağır məğlubu, ordusu belə almanlar tərəfindən idarə edilən, özü üçün belə umac ova bilməyən bir dövlət özü üçün umac ova bilmədiyi halda bizim üçün əriştəmi kəsirdi? Ciddi olaq, cənablar! Osmanlının özünə ağlayacaq göz yaşı belə yox idi ki, bizə nəyisə diqtə etsin… Ancaq onu da unutmayaq ki, o dağılan Osmanlının bölgədəki generallarından Kazım Karabəkir Paşa erməni işğalı altındakı Naxçıvanı, Nuru Paşa isə Bakını azad etdi.  Qısacası, Osmanlı xəstə yatağında olsa da, Azərbaycana vəfa borcunu yerinə yetirdi. Necə ki, Azərbaycan insanı könüllü olaraq, təbəəsi olmadığı Osmanlı üçün Çanaqqalada şəhid və qazi oldu.

Məhəmməd Hadi, Əhməd Cavad kimi…

Türkün tökülən qanları bihudə

gedərmi,

Diqqətlə düşün, yoxsa bu qan hənsi

hədərmi?

Bəli, Cümhuriyyətimizin bayrağındakı qırmızı müasirlik-filan deyil, insanımıza hürriyyət, millətimizə istiqlalı qazanmaq üçün axıdılan şəhid qanlarıdır…

Onun üçün bu dövlət bizə əzizdir…

Onun üçün bu dövlətin sərhədləri içərisində rusun-ingilisin-farsın tankını görmək istəmirik…

Onun üçün İrəvan, Göyçə, Zəngəzur, Təbriz, Dərbənd bizim üçün Qızıl Almadır…

Dövlətlər qarşılarına qoyduqları hədəflərlə böyük olurlar…

Bizim də hədəfimiz böyük olsun, gerisi təfərrüatdır…

Babalarımız bizim üçün üç rəngli bayrağımızı əmanət qoydular…

Atalarımız bir dəfə yıxılan dövləti yenidən küllərindən qurdular və qorudular…

Biz hansı uğuru qazansaq, bu uğurların yanında sönük qalacaq…

Bu səbəbdən də, hədəfimiz Qızıl Alma olmalıdır…

Olmalıdır ki, Azərbaycan böyük olsun…

Böyük Azərbaycanın bütövlüyü an məsələsidir…

Onu da unutmayaq ki, millətlər daim şəxsiyyətlər yetişdirir.  Sevinməliyik ki, bu millət bir əsrdə bir deyil, neçə-neçə böyük şəxsiyyətlər yetişdirib. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əlibəy Hüseynzadə, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əbülfəz Elçibəy, Heydər Əliyev…

Respublikamızın qurulmasında, yaşamasında, yenidən qazanılmasında və qorunmasında xidmətləri olan hər bir şəxsiyyətimiz bizimdir. Birini yüksəldib, digərini kiçik görərsən, kiçik qalarsan… Böyük millətlər və dövlətlərin şəxsiyyətləri də çox və böyük olurlar…

Böyük dövlətin düşməni də böyük, xaini də çox olur… Dünən XI Qızıl Ordunu gül-çiçəklə qarşılayanların törəmələri bu gün rus ordusunun önündə “Kalinka” oynamağa hazırdırlar. Ancaq unutmasınlar ki, ruslar gələndən sonra öncə vətənpərvərləri, sonra onların gəlməsinə şərait yaradan xainləri güllələdilər… Demədi, deməyin… Nə isə…

Böyük Azərbaycan, Cümhuriyyətin mübarək!

Şərhlər

Çox oxunanlar