28 May - Respublika günü Londonda təntənəli şəkildə qeyd olunub - FOTOLAR
28.05.2016 18:11 Siyasi reaksiya 1190
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.
Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1918-ci ilin bu günündə Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyi diqqətə çatdırılıb.
Ölkəmizin iqtisadi, sosial, siyasi münasibətlərindən danışan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmi diqqətə çatdırılıb. Cari ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb.
Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat “Bakı-2015” birinci Avropa Oyunlarını və bu ilin iyununda paytaxtımızda keçiriləcək “Formula-1” yarışını nümunə kimi göstərib.
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. O, Böyük Britaniya Baş nazirinin ticarət elçisinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinə fəaliyyətində uğurlar arzu edib.
Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzindir.
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verən şəxslərin fəaliyyətinin əvəzedilməz olduğunu deyib. Birləşmiş Krallıqda professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını nümunə göstərib.
Britaniyada fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların əlaqələrimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri professor Nərgiz Paşayeva və Lord Germana, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərova minnətdarlıq ifadə olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir ölkəmizin bu füsunkar guşəsinin 23 ildir işğal altında olduğunu deyib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin heyrətamiz olduğunu vurğulayan T.Tağızadə məhz bu bölgəyə xas olan atlarla Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində nümayiş etdirilən möhtəşəm şou haqqında danışıb.
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem çıxış edərək ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə böyük maraqları var. Cari ilin fevralında ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığın və gələcək perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə sıx əməkdaşlıq edir. M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışıb. Bildirilib ki, Birləşmiş Krallıq Avropada Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkəmiz1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər yeni mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərimizin də bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stendə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.
AzərTac
Şərhlər