“Google”da Azərbaycan ərazilərinin erməni adları ilə təqdim olunmasına etiraz olaraq petisiya yaradılıb

29.05.2016 15:13     Siyasi reaksiya     1250

“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB “Google” axtarış sisteminin “Google Map” bölməsində Azərbaycanın ərazi vahidlərinin erməni adları ilə təqdim olunmasına etiraz etmək məqsədi ilə imzatoplama kampaniyasına start verib.
 
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı petisiya change.org saytında yerləşdirilib: 
 
 
 
Təşkilatçılar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın tarixi ərazilərinin adlarının təhrif olunmasını aradan qaldırmağı və “Google” xəritələrində həmin yer adlarının Azərbaycan mənşəli adlarla istifadə edilməsini tələb edirlər. Onlar bunun bütün beynəlxalq konvensiyalar, qərarlar və qanunlara zidd olduğunu qeyd edirlər.
 
Məsələ ilə bağlı “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB sədri Zaur Qəriboğlu ilə əlaqə saxladıq. 
 
İctimai Birliyin sədri petisiyanın başladılmasının səbəbini belə açıqladı: “20 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin coğrafi adları işğalçı Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın erməni adları ilə dəyişdirilib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycan mənşəli təqribən 277 coğrafi yer adı mərhələli şəkildə dəyişdirilib. Ermənilər Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsini həyata keçirir və bunu müxtəlif yollarla edir. Bəzi adlar keçmiş Sovet İttifaqı zamanı istifadə olunan erməni variantında saxlanılıb. Bir neçə yerin adı hərfi tərcümə nəticəsində dəyişdirilib. Bəzən yalnız bir hərfi artırıb və ya azaltmaqla tarixi adları dəyişdiriblər.
 
Təəssüf ki, araşdırmalar zamanı “Google” xəritələrində bəzi səhvlərə rast gəlmək olar. Belə ki, tarixi Azərbaycan torpaqlarının bir sıra adları dəyişdirilib və təhrif edilib. Eyni zamanda, bəzi işğal olunmamış Azərbaycan torpaqlarının da xəritədə axtarışı zamanı adlarının ermənilər tərəfindən dəyişdirildiyi müəyyən olunub”.
 
Z.Qəriboğlu şirkətin bu yanlışı aradan qaldırması üçün daha çox imzaya ehtiyac olduğunu bildirdi: “Bu günə qədər 2000-dən çox insan müxtəlif ölkələrdən petisiyaya imza atıblar. Lakin şirkətin səsimizi eşidib, yalnışı aradan qaldırması üçün bu, çox az göstəricidir. Milli davamızda birlik nümayiş etdirməli, “Google” şirkətinin yalnışını aradan qaldırmağa müvəffəq olmalıyıq”.

 

Şərhlər

Çox oxunanlar