“Cinayət Məcəlləsinə dövlət himninin təhqir edilməsi də əlavə edilməlidir” - Səməd Vəkilov

29.05.2016 21:41     Siyasi reaksiya     1323

Tanınmış hüquqşünas Səməd Vəkilov Cinayət Məcəlləsinin 324-cü maddəsinə dövlət himinin təhqir edilməsi ilə bağlı müddəanın da əlavə edilməsi təklifi ilə çıxış edib

Reaksiya xəbər verir ki, tanınmış hüquqşunas Strategiya.az saytına açıqlamasında o bildirib ki, Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət gerbinə qarşı təhqiredici hərəkətlər nəzərdə tutulsa da, Dövlət himinin təhqir edilməsinə qarşı müddəa nəzərdə tutulmayıb: “Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə dövlət himninin təhqir edilməsi də əlavə edilməlidir.

Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən isə yalnız qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədilməsi cinayət sayılır. Bu səbəbdən dövlət himnini təhqir və ya təhrif etmiş şəxslərə hər hansı cəza tətbiq edilə bilməz”. Hüquqşünas onu da əlavə edib ki, Dövlət bayrağı və gerbi olmaqla bərabər himnin təhqir olunması ilə bağlı da Cinayət Məcəlləsinin müvafiq müddəasına əlavə dəyişikliklər edilməlidir.

Qeyd edək ki, dünya ölkələrində dövlət atributları ilə bağlı xüsusi toxunulmazlıq mövcuddur. Xarici ölkələrin Konstitusiyasında dövlət himni, gerbi və bayrağı haqda Cinayət Məcəlləsində əks olunan müddəalar yer alır. İstənilən şəxs kimliyindən asılı olmayaraq dövlət atributlarını təhqir və ya təhrif edə bilməz. Bununla bağlı bir çox ölkələrdə Cinayət Məcəlləsinə görə müəyyən cəzalar tətbiq edilir.

 

Şərhlər

Çox oxunanlar