Deputat Türkiyənin Almaniyaya cavab formulunu tapdı: Xocalı soyqırımı...

02.06.2016 21:05     Siyasi reaksiya     1180

“Bu gün Türkiyənin əlində Avropaya qarşı kifayət qədər təzyiq vasitələri mövcuddur. Türkiyənin Almaniya bundestaqına qarşı atacağı əsas adekvat addımlardan biri Xocalı soyqırımını tanıması olardı. Hesab edirəm ki, Türkiyə nəhayət bu addımı atmalıdır”.

 

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından seçilmiş deputatı, Xocalı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədov söyləyib.

 

E.Məmmədov deyib ki, qardaş Türkiyə Avropanın “soyqırımı” təzyiqlərinə əsl soyqırımı faktları ilə cavab verməlidir: “Biz 20 ildən çoxdur Türkiyəyə deyirik ki, ermənilər özlərinin həyata keçirdiyi işğal və soyqırımı siyasətini bizim adımıza çıxarmağa çalışır. Ermənilərin uydurduğu qondarma “soyqırımı”nın nə tarixi sübutu, nə də görüntüləri var. Ancaq Azərbaycan 20-25 il öncə Ermənistan terrorçu dəstələrinin Qarabağda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarını və vəhşiliklərini konkret faktlarla, video və fotolarla dünyaya təqdim edirik. Ona görə də 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdiyi soyqırımı Türkiyə Böyük Millət Məclisi artıq tanımalıdır. Bununla da Türkiyə dünyaya bəyan etməlidir ki, əsl soyqırımı məhz budur. İndi xristian dünyası qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı Azərbaycan və Türkiyəni təkləməyə çalışır. Ona görə də hesab edirəm ki, Türkiyə parlamenti Xocalı soyqırımını artıq tanımalı və dünyada balanslaşdırma yaranmalıdır.

 

Yəqin ki, Türkiyə Almaniya bundestaqının qəbul etdiyi qondarma qərarla bağlı adekvat addımlar atacaq”.

 

YAP-çı deputat Almaniya bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinin Türkiyəyə növbəti təzyiq olduğunu söyləyib: “Onlar bunu ermənilərin xətrinə etmirlər. Sadəcə olaraq bu qərar indi siyasi aləmdə, o cümlədən, Türkiyənin yerləşdiyi geosiyasi bölgədə baş verən miqrant və digər hadisələrlə, eyni zamanda rəsmi Ankaranın Avropa Birliyinə üzv olmaq üçün irəli sürdüyü tələblərlə bağlıdır. Qərb bununla Türkiyəyə təzyiq etməyə çalışır. Ancaq onlar belə addımlarla Türkiyəyə heç nə edə bilməyəcəklər. İndiyədək bir çox Qərb dövlətlərində qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edilib, Almaniya parlamentinin bu addımı da onlardan biridir”.

 

E.Məmmədov qeyd edib ki, olmayan qondarma məsələni başqa dövlətə sırımaqla Türkiyəyə qarşı heç nə edə bilməzlər: “Yaxşı olar ki, Almaniya bundestaqı gedib öz tarixinə nəzər salsın. XX əsrdə iki dünya müharibəsi baş verib, müharibənin ikisini də Almaniya törədib. Hər iki dünya müharibəsində almanlar milyonlarla insanın ölümünə səbəb olublar. Almaniya öz tarixinə baxıb utanıb-xəcalət çəkməlidir. Əsl soyqırımı törədənlər, canilər, faşistlər və dünyada faşizmin vətəni Almaniyadır. Məgər onlar öz keçmişlərinə baxıb utanmırlar?

 

Qeyri-rəsmi məlumatlara görə, hazırda Almaniyada 10 milyona yaxın türk yaşayır. Orada bundan qat-qat az isə erməni var. O zaman belə çıxır ki, Almaniya siyasətində 10 milyon türkün heç bir rolu, əhəmiyyəti yoxdur. Bu qərar həm də milyonlarla türk üçün təhqirdir.

 

Əgər bu gün Almaniyada 10 milyona yaxın türkün sədası yerinə, 5-10 erməninin səsi eşidilirsə və ermənilər Almaniyada istədiyini qəbul etdirə bilirsə, bu, türklərə qarşı çox böyük və utancverici hərəkətdir. Türkiyə bu məsələdə əvvəldən bəri haqlıdır. Bu qərar Almaniya və digər Qərb dövlətlərinin Türkiyəyə qarşı qərəzli mövqeyidir. Eyni münasibət bu gün Azərbaycana qarşı da nümayiş edilir”.

 

Deputat vurğulayıb ki, indi dünyada xristian dövlətlərin müsəlman ölkələrinə qarşı açıq mübarizəsi gedir: “Uzun illərdən bəri müsəlman dövlətlərinə qarşı "Səlib yürüşləri" bu gün davam edir. Bu gün Türkiyə gücləndikcə və inkişaf etdikcə, xristian dünyası bunu qəbul etmək istəmir. Bu gün xristian dünyasının qarşısına qoyduğu əsas məqsəd Türkiyəni bütün müsəlman dövlətləri ilə düşmən etməkdir. Xristian Avropa ölkələri Türkiyəni daxildən zəiflətmək üçün PKK, ASALA və digər terror təşkilatlarını maliyyələşdirir və Türkiyə dövlətçiliyinə qarşı qaldırır. Bütün bunlar xristian dünyasının Türkiyəyə qarşı tutduğu qərəzli mövqedir. Xristian dünyası Türkiyəni gözü götürmür, bu ölkəni parçalamağa çalışır. Almaniya parlamentinin qəbul etdiyi qondarma qətnamə də bu siyasətin növbəti nümunəsidir. Bu cür uydurma və saxta kağız parçalarını qəbul etməklə onlar Türkiyəyə heç nə edə bilməyəcəklər. Əvəzində isə özləri çox böyük zərərlər görəcəklər. Özlərinin müəslman ölkələrində yaratdıqları müharibə ocaqlarından qaçıb Avropaya gələn milyonlarla insanın sayəsində 15-20 ildən sonra Avropa tam müsəlmanlaşacaq. Türklər də tarixdəki Osmanlı İmperiyasını qurduğu kimi, yenə də böyük dövlət qurub həmin müsəlman əhalisini özü qoruyacaq. Xristian dünyası da bundan qorxur. Qorxur ki, türklər yenə də Avropaya ağalıq edəcək. Ona görə də Türkiyəyə qarşı murdar hərəkətlər edirlər. Onların bu cür hərəkətləri bütün türk-müsəlman dünyasını artıq ayıltmalı və birləşdirməlidir. Biz bir yerdə olmayanadək həmin xristian dünyası daha çox üstümüzə gələcək. Biz bundan mütləq nəticə çıxarmalıyıq”.

Şərhlər

Çox oxunanlar