Binali Yıldırım Bakıda - FOTOLAR

03.06.2016 16:40     Siyasi reaksiya     1389

Prezident Binali Yıldırımla birgə mətbuat konfransı keçirir.

16:7 / "Almaniyanı qınayırıq"

"Almaniyanın "soyqırım" qərarını qınayırıq. Erməni məsələsi bəhanədir. Bu qərar siyasi məsələdir”. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri prezident İlham Əliyev  Türkiyənin baş naziri Binali Yıldırımla keçirdiyi birgə mətbuat konfransında deyib. 

İ.Əliyev deyib ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır. “Hökumət rəhbəri ilə nazir olduğu vaxt birlikdə işlər görmüşük. Türkiyə ilə enerji layihələri qlobal bir hal alıb. Bizim həyata keçirdiyimiz layihələr həm bizi, həm də bölgənin sabitliyini gücləndirir.

Türkiyə dünyada önəmli bir gücdür. Türkiyənin gücü bizim gücümüzdür. Əminəm ki, bugünkü müzakirələr də gələcək üçün gözəl layihələrə yol açacaq”.

15:12 / Prezident yeni baş nazirlə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev  Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binali Yıldırım ilə təkbətək görüşüb. 

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binali Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:42 / Baş nazirin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyənin Baş naziri Binali Yıldırımın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binali Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Baş nazir Binali Yıldırım Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binali Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Binali Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdiriblər.

14:17 / Nazir Bakıda namaz qıldı

Bu gün Azərbaycana səfəri başlayan Türkiyə Respublikasının Baş naziri Binali Yıldırım Bakıda cümə namazı qılıb. Onu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də müşayiət edib.

Baş nazirin namaz qıldığı məscidin ətrafında yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. 

Baş nazirin Şəhidlər, Fəxri Xiyaban, eləcə də türk şəhidliyini ziyarət edəcəyi gözlənilir. Daha sonra onun ölkə rəsmiləri ilə görüşləri baş tutacaq. 

Binali Yıldırım müsəlman dünyasının Ramazan bayaramını da təbrik edib. 
"Ramazan, başı bərəkət, ortası rəhmət, sonu cəhənnəmdən azad olmaq, günahlardan təmizlənmək ayıdır. Bu ay sülhün qardaşlığın gücləndiyi, düşmənliklərin, qarşıdurmaların yox olduğu aydır. Ramazanımız mübarək olsun. Dünyanın dörd bir yanında əzilən məsum, yerindən-yurdundan köç edən milyonlarla din qardaşlarımıza Allah kömək olsun”.

12:36 / Baş nazir Bakıda

Türkiyə Respublikasının Baş naziri Binali Yıldırım Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Baş nazir Binali Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Türk heyət daha sonra cümə namazına yollanıb. 

Binali Yıldırm Bakı Beynəlxalq Hava Limanında
Binali Yıldırm Bakı Beynəlxalq Hava Limanında

10:06 / Yıldırım Bakıya gətirdiyi nazirlərin sayını artırdı

Binali Yıldırımın Bakıya gətirdiyi nazirlərin sayında dəyişiklik edilib.

Yeni baş naziri ölkəmizdə birinci xanım Semiha Yıldırımla yanaşı, həm də köməkçisi Tuğrul Türkeş, təhsil naziri İsmet Yılmaz, dənizçilik və nəqliyyat naziri Ahmet Arslan, xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu da müşayiət edəcək.

Bundan əvvəl Binali Yıldırımı səfər zamanı  maliyyə naziri Naci Ağbal və meşə və su naziri Veysel Eroğlunun müşayiət edəcəyi deyilirdi. 

 

9:46 / "Ermənistan boş xəyyalardan imtina etməlidir"

"Ermənistan öz səhvlərini heç cür düzəltmir. Azərbaycan torpaqlarının işğalı davam edir. Azərbaycan təhlükəsizlik baxımında 25 il müddətində böyük işlər görüb. Hər baxımdan özünü inkişaf etdirib. Bu, bölgənin inkişafı üçün önəmli bir addımdır”. Bunu Azərbaycana səfəri öncəsi Esenboğa hava limanında mətbuat konfransı keçirən Türkiyənin baş naziri Binali Yıldırım deyib. 

O qeyd edib ki, Ermənistanın terror təşkilatlarına qucaq açdığı heç kimə sirr deyil. “Bu səhv hərəkətin qarşılığını milyonlarla erməni təcrid və yoxsulluqla ödəyir. Ermənistan boş xəyyalardan imtina etməlidir”.

9:21 / Yıldırım Bakı səfərindən əvvəl "erməni soyqırımı" layihəsindən danışıb

Türkiyənin yeni seçilən baş naziri Binali Yıldırım Bakı səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirir. ANS PRESS-in məlumatına görə, Yıldırım Almaniya Bundestaqının ötən gün qəbul etdiyi"erməni soyqırımı" layihəsinə yenidən münasibət bildirib. 

O deyib ki, parlamentin qəbul etdiyi qərar tarixi xətadır. 

"Bir ovuc erməni lobbisinin təsiri ilə dost və müttəfiq Almaniyanın parlamentində verilən qərar bir xətadır. Bu qərarın türk milləti üçün bir əhəmiyyəti yoxdur”.

Yıldırım Azərbaycan və Türkiyə arasında əlaqələrdən də danışıb. O, əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyini deyib. “Xüsusilə inşa etdiyimiz TANAP layihəsi iki ölkə münasibətlərində böyük əhəmiyyətə malikdir”.

Rəsmi səfər çərçivəsində Binali Yıldırım Azərbaycan prezidenti İlham Əliyev və  baş nazir Artur Rasi-zadə ilə görüşəcək. Türkiyə hökumətinin rəhbəri artıq ikinci dəfədir ki, rəsmi səfər edir. Bundan öncə o, Kiprdə olub.

Binali Yıldırım mayın 20-də Türkiyənin baş naziri seçilib. O, eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədridir. Yıldırımdan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib. 

Yıldırım mayın 24-də  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini elan edib.  Yeni baş nazir ilk Qarabağ bəyanatında münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini demişdi. “İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.

Baş nazir Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.

 

Şərhlər

Çox oxunanlar