Prezident İlham Əliyev: "Serj Sarkisyan yalan danışmaqda Ginnesin rekordlar kitabına düşə bilər"

03.06.2016 17:59     Siyasi reaksiya     1230

Serj Sarkisyan mayın 31-də Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərkən 4 dəfə yalan danışıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.

Reaksiya.info Trend-ə istinadən bildirir ki, dövlət başçısı qeyd edib: "Sarkisyan deyib ki, aprelin əvvəlində Azərbaycan erməni təxribatlarına cavab verərək əks hücuma keçərkən işğal edilmiş ərazilərdən 800 hektarı geri alıb: "Amma bu yalandır, çünki Azərbaycan 2000 hektarı geri qaytarıb və böyük əraziyə nəzarət edir".

İlham Əliyev deyib ki, "Qarabağ ordusunun" vəziyyətə nəzarət etməsi barədə Serj Sarkisyanın bəyanatı isə növbəti yalandır: "Çünki "Qarabağ ordusu" mövcud deyil və işğal edilmiş ərazilərdə Ermənistan hərbçiləri var".

Prezident çıxışında bildirib: "Bizim xarici mediaya çıxışımız çox məhduddur. Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq on illiklər ərzində formalaşıb. Onlar müxtəlif yollarla dünyanın aparıcı media qurumlarına müdaxilə ediblər və orada təmsil olunurlar. Və bizə qarşı Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında ermənilər görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik".

Dövlət başçısı qeyd edib ki, media ilə ilk növbədə iş aparılmalıdır: "Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. İstər-istəməz onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki 21-ci əsr informasiya əsridir, informasiya müharibələri bu gün bir alət kimi, bir silah kimi mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada Bakıda və yaxud da başqa bir şəhərdə oturub haradan bilək ki, orada nələr baş verir? Kim haqlıdır, kim haqsızdır? Kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsiə bilə bilərik. Əgər hər hansı ölkəyə qarşı koordinasiya edilmiş çirkin kampaniya aparılırsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bu, zəif yerimizdir. Bu istiqamət prioritet istiqamətdir. Hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir".

Prezident bildirib ki, müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərini çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında burada danışıqlar, müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir: "Əgər Azərbaycan dövləti bu işdə hər hansı formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək və bütün Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bu, bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq, bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Uzun illər erməni diasporu müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edərək bizə qarşı çox çirkin kampaniya aparıb. Kampaniyanın tərkib hissəsi o olub ki, Azərbaycanı antidemokratik ölkə kimi təqdim etsinlər, Ermənistanı yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatlar versinlər və müəyyən dərəcədə onlar buna nail ola biliblər".

İlham Əliyev Azərbaycana investisiya imkanlarından danışıb: "Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram. Bu çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda xaricdə yaşayan iş adamları Azərbaycanda yaşayan qohumlarına da köməklik göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Mən çox istərdim ki, xaricdə yaşayan iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə mühiti yaxşıdır, biznes mühiti günü-gündən yaxşılaşır, bütün bürokratik əngəllər aradan götürülür. Xüsusilə bu ilin əvvəlində imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır, bütün bürokratik əngəllər aradan götürülüb, şəffaflıq tam təmin edilib və bunun nəticələrini biz gündəlik həyatda görürük. Beynəlxalq mötəbər qurumların hesabat və bəyanatlarında biz bunu görürük. Ona görə də investisiya, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri o cümlədən bazarlara da təsie edir. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir".

Prezident sonra deyib ki, yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur: "Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır və bu gözəl biznes imkanları üçün də gözəl şərait yaradılır. Ona görə bir daha demək istəyirəm, böyük maliyyə imlkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatına, sənaye, turizm sektoruna, yüksək texnologiyalar sektoruna. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti tərəfindən, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar həmişə öz Vətənlərinə bağlı insanlar kimi özlərini göstəriblər. Bu gün də bu belədir".

İlham Əliyev sonra bildirib: "Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanda, ölkənin müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bizim bölgələrimizdə gözəl, müasir otellər, istirahət zonaları yaradılıb. İstirahət üçün, hesab edirəm ki, indi Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bununla bərabər, bunun, əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda turizm sektoru da sürətlə inkişaf edir və bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün çox ciddi islahatlar aparılır və görürük ki, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Onların arasında, əlbəttə ki, dünya azərbaycanlılarını da biz görmək istəyirik. Əgər hər bir azərbaycanlı, xaricdə yaşayan azərbaycanlı ailəsi ildə bir dəfə Azərbaycana gəlsə, bu çox yaxşı olar".

Reaksiya.info

Şərhlər

Çox oxunanlar