Millət vəkili Q.Paşayeva İraqdan köçkün düşmüş Türkmanlarla görüşüb və yanınızdayıq deyib.

04.06.2016 21:47     Siyasi reaksiya     1441

Millət vəkili Qənirə Paşayeva Türkiyə-İraq sərhəddinə yaxın bölgələrdə və Adıyaman vilayətində İraqdan köçkün düşmüş soydaşlarımızla, türkmanlarla görüşüb. Zülm və əziyyətdən qaçmış İraq Türkmanları onlarla görüş zamanı millət vəkilinə İraqdan İŞİD zülmündən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini deyiblər. Yaşadıqları dəhşətləri anladan İraqdan köçkün düşmüş Türkmanlar ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş Türkmanlar bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini deyiblər. Q. Paşayeva onunla bərabər görüşdə iştirak edən Adıyaman Türk Ocaqları başqana müraciət edərək Türkman qardaş-bacılarımıza dəstəyi daha da artırmalarını xahiş edib.Adıyaman Türk Ocaqları başqanı dəstəyi artıracaqlarını bildirib və yaxın günlərdə köçkün düşmüş türkmən ailələrlə bağlı, onların iştirakı ilə bütün problemlərin təkrar müzakirə olunacağını deyib. Köçkün düşmüş İraq Türkmanlari üzləşdikləri ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda Türkman soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin onların vəziyyətinə biganə münasibəti, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. İraq Türkmanlarının vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış etdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq Türkmanlarının vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq Türkmanlarına ciddi dəstək istiqamətində addımları artırmalıdır. Millət vəkili Q.Paşayeva köçkün İraq Türkmanlarının təmsilçiləri ilə birlikdə Adıyaman valisi ilə də görüşüb və köçkün soydaşlarımızın vəziyyəti ilə bağlı geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva köçkün İraq türkmanlarının bəzi problemləri istiqamətində validən xahiş edib, təkliflərlə çıxış edib. Adıyaman valisi millət vəkilinin köçkün İrak Türkmanları ilə bağlı qaldırdığı bəzi məsələlərin həlli istiqamətində elə yerindəcə tapşırıqlar verib, bəzi məsələlərin isə qısa zamanda həll olunacağını deyib. Vali yaxın günlərdə köçkün İraq Türkmanları ilə geniş bir görüş keçirəcəyini və bundan sonra da əlindən gələn dəstəyi əsirgəməyəcəyini millıət vəkili Q.Paşayeva və görüşdə iştirak edən İraq türkmanları təmsilçilərinə vəd edib.

Şərhlər

Çox oxunanlar