"Ermənistana keçən Qətibə 2 il xəstəxanada yatıb"

09.06.2016 14:38     Siyasi reaksiya     1398

Qadının yaşadığı kəndin icra nümayəndəsi onun boşandıqdan sonra ata evinə qayıtdığını deyib.

İki gün əvvəl Ermənistan tərəfə keçən Qətibə Ələkbərova barədə bəzi maraqlı məlumatlar ortaya çıxıb. Qadının sakini olduğu  Gədəbəy rayonu, Arabacı kənd icra nümayəndəsi Habil Qasımov ANS PRESS-ə bildirib ki,  1977-ci il təvəllüdlü  Qətibə İbrahim qızı Ələkbərova kənddə ailəsi ilə birgə yaşayıb:

“Onlar ailədə 4 nəfərdir: Qətibə, onun anası, qardaşı və qardaşının həyat yoldaşı. Qadının bir qardaşının da psixoloji problemləri var idi. Bir müddət əvvəl o, dünyasını dəyişib. Qətibə özü isə ruhi xəstə olduğu üçün 2013-cü ildən 2015-ci ilə qədər ruhi əsəb dispanserində müalicə olunub. Bir ildir ki, xəstəxandan çıxmışdı. Həmin xəstəxanadan ruhi xəstə olmasına dair sənədi də var. Evdə dərmanlar qəbul edirdi. İyunun 5-də ailə üzvləri 39 yaşlı qadının yoxa çıxması barədə məlumat verdilər. O gündən hər kəs onu axtarırdı”.

İcra nümayəndəsi onu da bildirdi ki, Qətibə Ələkbərova bir dəfə ailəli olub, ancaq övladı yoxdur. Qadın boşanaraq ata evinə qayıtmışdı. 

Kənd sakinləri isə ANS PRESS-ə bildirdilər ki, Q. Ələkbərova bundan əvvəl də bir neçə dəfə evdən qaçıb: “Ayın 5-dən kənddə hamı onu axtarırdı. Onun Ermənistana keçməsini televiziyadan eşitdik. İndi hər kəsi düşündürən onun sərhədi necə keçməsidir. O, evdən gecə saat 04 radələrində qaçıb".

Bu gün Ermənistana keçən azərbaycanlı qadının adı bilinib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.

Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.

Daha öncə sərhədi keçən qadının adının Vəliyeva Zöhrə Vardzor qızı olduğu iddia edilirdi. Bu barədə erməni saytı məlumat yaymışdı. İddiaya görə, iyunun 7-də Azərbaycan-Ermənistan sərhədini Mehrab istiqamətində keçən qadın Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini olub. 

 

Şərhlər

Çox oxunanlar