"Azərbaycanla dostluğa zərbə vuracaq təklifin rədd edilməsindən çox məmnunam" - Fransalı deputat
01.07.2016 15:09 Siyasi reaksiya 1090
“Fransua Roşbluanın Azərbaycana qarşı irəli sürdüyü aqressiv təklif şübhəsiz ki, Fransa-Azərbaycan dostluğuna ciddi bir zərbə idi. Sənəddə qeyd olunmuş müddəaları oxuduqda görünürdü ki, Azərbaycan az qala dünyadakı bütün bəlalarda ittiham olunur. Parlamentin Xarici Məsələlər üzrə Komitəsi bu təklifi rədd etdi. Roşbluanın özündən başqa təklifə heç kim səs vermədi. Sənədin qəbuluna qarşı çıxan deputatlar onun qeyri-müəyyən formada tərtib olunduğunu və ölkənin nüfuzuna zərbə vura biləcəyini qeyd etdilər”.
Bu sözləri APA-ya açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel deyib.
J. F. Mansel bildirib ki, Xarici Məsələlər üzrə Komitə belə bir qərara gəlib ki, Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun fəaliyyətinə dair komitə daxilində xüsusi bir məlumat missiyası yaradılsın: “Hesab edirəm ki, bu, çox yaxşı fikirdir, çünki komitə üzvlərinə imkan verəcək ki, mübahisəli məsələ olan Dağlıq Qarabağ münaqişəsi haqqında dəqiq məlumatlar əldə edə, Ermənistanın Dağlıq Qarabağ və ona bitişik rayonları qeyri-qanuni şəkildə işğal etməsi məsələsini araşdıra və Azərbaycan ərazilərinin işğalını pisləyən BMT-nin 4 qətnaməsinə yenidən nəzər sala bilsinlər. Yeri gəlmişkən, Fransua Roşbluan bu qərarın əleyhinə səs verdi. Məlumat missiyasının fəaliyyətinə gəldikdə, bu, özündə fərqli siyasi partiyaların üzvlərini cəmləşdirən, təqribən 7-8 deputatdan ibarət qrup şəklində çalışacaq. Qrup altı ay ərzində fəaliyyət göstərdiyi sahə üzrə məlumatlar toplamalı və sonda hesabat hazırlamalıdır. Məlumatlar isə adətən qrupun təşkil etdiyi görüşlərdən əldə edilir. Məsələn, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri ilə görüş keçirilə bilər, Azərbaycanın və Ermənistanın Fransadakı səfirləri gəlib öz fikirlərini qrupla bölüşə bilər və s. Eyni zamanda, qrup üzvlərinin daha dolğun məlumatlar əldə edə bilmələri üçün aidiyyəti ölkələrə səfər etmələri də mümkündür. Təbii ki, dövlətlər tərəfindən belə bir dəvət olarsa”.
Azərbaycanla bağlı araşdırma komitəsinin yaradılması məsələsinə Fransa Milli Assambleyasının sədrlər toplantısında yenidən baxılmasının mümkünlüyünə toxunan Jan-Fransua Mansel bu prosedurun da nəticə verməsini gözləmədiyini söyləyib: “Parlamentin Xarici Məsələlər üzrə Komitəsi bu təklifi aydın şəkildə rədd etdi. Amma təbii ki, müsbət nəticə ala bilməməsindən məyus olmuş deputat Roşbluan öz təklifini sədrlər toplantısına göndərəcəyini bildirdi. Fikrimcə, bu prosedurun müsbət nəticə vermə şansı çox azdır. Mən inanmıram ki, Milli Assambleyanın sədri komitənin çıxardığı qərarın əleyhinə getsin. Sadəcə, cənab Roşbluanın da üzvü olduğu UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupu öz hüququndan istifadə edərək başqa bir mövzu üzrə araşdırma komitəsinin yaradılmasına çalışacaq, ancaq inanmıram ki, bu cəhdlər müsbət nəticə versin. Əsas odur ki, komitədə bu uğursuz təklif keçmədi. Mən Fransa-Azərbaycan dostluğu naminə çox məmnunam ki, bu məsələ belə bir nəticə ilə sonuclandı”.
Fransa parlamentində Azərbaycana qarşı bu cür təşəbbüslərin səbəbini şərh edən Jan-Fransua Mansel bunu Fransadakı güclü erməni lobbisinin fəaliyyəti ilə izah edib: “Heç kimə gizli deyil ki, Fransada çox böyük erməni diasporu mövcuddur, istisna deyil ki, bir çox seçilmiş deputatlara onlar tərəfindən güclü təsir var və nəticədə ortaya belə arzuolunmaz təşəbbüslər çıxır”.
Qeyd edək ki, Fransa Milli Assambleyasının Xarici Məsələlər üzrə Komitəsinin iyunun 29-da keçirilmiş toplantısında başda ermənipərəst mövqeyi ilə tanınan Fransua Roşbluan olmaqla, bir neçə deputatın Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması barədə təqdim etdikləri qətnamə layihəsi qəbul olunmayıb.
Şərhlər