Leyla Əliyeva: "Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur"

03.07.2016 13:33     Siyasi reaksiya     1328

Tarixdə Vətənə fədakarcasına xidmət nümunəsi çoxdur. Amma hansısa daxili tələbata, qəlbin səsinə, Tanrının bəxş etdiyi həyati fəzilətlərə görə bütün bəşəriyyətə sövq-təbii xidmət nümunələri azdır. Bütün canlılara sevgi milli sərhəd tanımır və planetar xarakter kəsb edir. Tamamilə təbiidir ki, bu duyğu öz yurduna və öz xalqına sevgidən qaynaqlanır. 

Söhbət Leyla Əliyevadan gedir - onun nümunə götürəcəyi insan var. Bu, xatirəsi onun üçün hədsiz əziz olan dahi babası Heydər Əliyevdir. Həyatda "Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur" prinsipini rəhbər tutan Leyla Əliyeva özünün bütün hərəkətlərini onun mövqeyindən qiymətləndirir. Öz ölkəsinin mənafeyini, ədaləti və dürüstlüyü (təəssüf ki, qlobal siyasətdə bu hisslər çoxdan unudulub) hər şeydən üstün tutan atasının - Azərbaycan Prezidenti İlham Əliyevin, xeyriyyəçilik fəaliyyəti, fədakarlıq missiyası ilə seçilən anasının - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsi həyatda ona parlaq mayak kimi yol göstərir. Azərbaycanın layiqli vətəndaşı olan Leyla Əliyeva dünyanın vətəndaşı olmağa çalışır və həqiqətən buna nail olur.

Uğur formulu

Müdriklər deyiblər: kişi həyatda ev tikməli, ağac əkməli və oğul böyütməlidir. Leyla Əliyeva gənc olmasına baxmayaraq, artıq hər kişinin bacarmadığı işləri görüb: həm ev tikib (adətən ev tikmək deyəndə quruculuq fəaliyyəti nəzərdə tutulur), həm ağac əkib, həm də gözəl oğullar tərbiyə edir. Qəribədir, gözəllik və ağıl, zəriflik və iradə kimi məziyyətləri özündə ahəngdar şəkildə birləşdirən Leyla xanım eyni vaxtda bu qədər iş görməyə, bu qədər layihəni həyata keçirməyə özündə necə güc tapır?! Bəziləri hesab edir ki, o, Prezidentin qızı statusu ilə kifayətlənərək öz mövqeyinə uyğun, hər hansı qayğılardan uzaq, kübar həyat tərzi ilə kifayətlənə bilərdi. Amma bunlar ona aid deyil. Aşkardır ki, burada da genlər özünü göstərir: Leyla Əliyeva Azərbaycana, onun qayğılarına aid bütün məsələləri öz qayğısı, onun şəxsi iştirakını və qüvvəsini tələb edən məsələlər kimi qəbul edir. O, dövlətin ictimai iştiraka və dəstəyə ehtiyacı olan fəaliyyət sahələrini hərtərəfli düşünülmüş şəkildə, mən deyərdim ki, inanılmaz dərəcədə dəqiqliklə seçir: gənclər siyasəti, ekoloji problemlər, ölkənin imicinin, onun mədəniyyətinin və ənənələrinin dünyada populyarlaşdırılması, Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasətinin oriyentirləri haqqında obyektiv təsəvvürün formalaşdırılması və s. Leyla xanımın gördüyü işləri cəsarətlə ictimai diplomatiya adlandırmaq olar. Amerikalı politoloq Cozef Nayın təbirincə desək, bu, "arzu edilən nəticəyə zorakılıqla, pul gücünə deyil, cazibənin köməyi ilə nail olmağa imkan verən yumşaq qüvvədir". Leyla Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın cəlbedici obrazı formalaşır, dünyada ölkəmizin mövqeləri möhkəmlənir, ona hörmət artır. Uğur formulu belədir: hərtərəfli düşünmək, məqsədyönlülük, laqeyd olmamaq, başqasının sevincinə-kədərinə şərik olmaq.

"Baku" jurnalı - Azərbaycan gerçəkliyinin güzgüsü

Leyla Əliyevanın təşəbbüslərinin çoxu haqqında "ilk" sözü işlətmək olar. 2007-ci ildə o, Moskvada "Baku" adlı rusdilli jurnal nəşr etməyə başladı. Əslində, bu, respublikanın hüdudlarından kənarda buraxılan və xarici oxucuya ünvanlanmış ilk nəşr idi. Jurnal Azərbaycan və onun döyünən ürəyi, gözəl Bakı şəhəri, Azərbaycan xalqının zəngin adət və ənənələri, ölkənin dolğun mədəni həyatı, tarixi şəxsiyyətləri və bizim müasirlərimiz - öz əməyi, istedadı və sənəti ilə doğma diyarımızı dünyada şöhrətləndirən ədəbiyyatçılar, şairlər, rəssamlar, musiqiçilər, memarlar haqqında, nadir milli mətbəximiz, xalq sənətləri barədə genişhəcmli informasiya təqdim edir. Bu nəşr geniş oxucu auditoriyasını Azərbaycanın qədim tarixi, mənzərəli guşələri ilə tanış edir, xalqımızın humanizmi, milli mənəvi dəyərləri, ölkədə bərqərar olmuş və artıq Azərbaycanın brendinə çevrilmiş nadir multikultural ab-hava barədə söhbət açır. Jurnalın hər nömrəsi həm əcnəbi, həm də azərbaycanlı oxucu üçün bir növ kəşfdir: burada az öyrənilmiş, yeni məlumatlar çoxdur. Təqdim edilən materialların və qəhrəmanların seçimi, jurnalın maraqlı dizaynı baş redaktorun incə zövqündən, dərin biliyindən, erudisiya və intellektindən xəbər verir. Jurnalın hər bir nömrəsinə Leyla Əliyevanın yazdığı ön söz fəlsəfi dərinliyi, fikir aydınlığı, az sözlə çox mətləbi ifadə etməsi ilə oxucunu heyrətləndirir. Burada ölkənin həyatında baş vermiş və ya gözlənilən əsas hadisələr barədə söhbətlə varlığın mənası, xoşbəxtlik və gözəllik, xeyirxahlıq və nəciblik haqqında düşüncələr ahəngdar şəkildə birləşir. Lakin ən başlıcası odur ki, jurnalın hər bir sətrində Azərbaycana və Bakıya böyük sevgi duyulur. Razılaşın ki, aşağıdakı sətirləri yalnız Bakıya ürəkdən vurulmuş, onun unikallığını, məxsusi ruhunu dərk etmiş və anlamış insan yaza bilər: "Şəhərin aurasını hiss etmək üçün yəqin ki, xüsusi əhval lazımdır. Bu əhval olanda hansısa magiya öz təsirini göstərir və şəhər sənin üçün doğmalaşır. Təkcə İçərişəhərə və Qız qalasına, yaxud təkcə "Alov qüllələri"nə və ya Heydər Əliyev Mərkəzinə görə mühakimə yürütməklə Bakının ruhunu anlamaq mümkün deyil. Bakı deyəndə bunların hamısı birlikdə nəzərdə tutulur: qədim və müasir, çoxşaxəli və çoxcəhətli, bir tərəfdən xeyirxah və açıq, digər tərəfdən əsrarəngiz və müəmmalı Bakı".

Bütün dünyadakı rusdilli oxucuların bir çoxu Azərbaycanı məhz "Baku" jurnalının sayəsində daha yaxşı tanıyıb, onu obyektiv görə bilib, onunla maraqlanıb və onu sevib. 2011-ci ildə jurnalın ingilisdilli versiyasının nəşrə başlaması sayəsində onun oxucu auditoriyası qat-qat artıb.

RAGB-ın xeyirxah işləri

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaradılması Leyla Əliyevanın daha bir təşəbbüsü oldu. Gənclərin ilk strukturlaşdırılmış diaspor təşkilatı olan bu qurum özünün xeyriyyəçilik və sosiomədəni layihələri ilə dərhal diqqəti cəlb etdi.

Əslində Leyla xanımın ictimai fəaliyyətə meyli hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) magistraturasında oxuyarkən buradakı Azərbaycan klubuna başçılıq etdiyi dövrdə üzə çıxmışdı. Leyla Əliyeva hələ o vaxt güclü lider istedadını göstərdi, gəncləri öz arxasınca aparmağı bacardı, onların aşıb-daşan enerjisini, cəsarətli yeni ideyalarını lazımi istiqamətə yönəltdi. RAGB-ın yaradılması bu fəaliyyətin sərhədlərini və miqyasını xeyli genişləndirdi. Təşkilat Rusiyada yaşayan, orada təhsil alan və işləyən azərbaycanlı gəncləri birləşdirdi, onları bu gün diaspor strukturlarının qarşısında duran ciddi məsələləri həll etməyə qabil olan mütəşəkkil qüvvəyə çevirdi. Mənim fikrimcə, mübaliğəsiz demək olar ki, gənc azərbaycanlının - yeniliklərə meyil edən, zamanın trendlərini həssaslıqla duyan intellektin, başqalarının ağrılarına, qayğılarına və problemlərinə laqeyd olmayan vətənpərvərin yeni portreti çox cəhətdən RAGB-ın fəaliyyəti və səyləri ilə yaranıb. Bütün bunlara Rusiya ərazisində konkret işlər və layihələr hesabına nail olunur. Təşkilat "Qanın milləti yoxdur!" kimi müxtəlif təşəbbüslər həyata keçirir. Rusiya xəstəxanalarında müalicə olunan və qan köçürülməsinə ehtiyacı olan xəstələrə təmənnasız yardım göstərilməsi ilə bağlı humanitar aksiyaya Azərbaycan gənclərinin yüzlərlə nümayəndəsi qoşulur. "Sağlam olduğunu yəqin et, xəstəliyə yox de!" adlı xeyriyyə aksiyası həmvətənlərimizə və bir sıra yerli sakinlərə Rusiyanın aparıcı klinikalarında yüksək ixtisaslı həkimlər tərəfindən pulsuz müayinə olunmaq imkanı verir. Rusiyanın 70 regionunu əhatə edən RAGB fəalları uşaq evlərinə baş çəkir, bu evlərin balaca sakinləri üçün bayram şənlikləri təşkil edir, uşaqlara yardım göstərirlər. Təşkilatın təşəbbüsü və dəstəyi ilə məktəblər, uşaq bağçaları təmir edilir, müasir avadanlıqla təchiz olunur, istirahət parkları və zonaları yaradılır. RAGB, eyni zamanda, azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, ölkənin həyatında fəal iştirakına kömək edir, Vətənimizi populyarlaşdırmağa yönəlmiş fəaliyyəti əlaqələndirir, bir sözlə, dövlətimizin başçısı İlham Əliyev tərəfindən, o cümlədən Dünya Azərbaycanlılarının IV qurultayında diaspor təşkilatları qarşısında qoyulmuş mühüm məsələlərin həlli istiqamətində səmərəli fəaliyyət göstərir. Ümumi rəyə görə, bu gün RAGB ölkə hüdudlarından kənarda Azərbaycan gənclərinin ən fəal təşkilatıdır.

Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi əlaqələrin inkişafına, rus dilinin və rus mədəniyyətinin qorunub saxlanmasına və xaricdə populyarlaşdırılmasına verdiyi böyük töhfəyə görə keçən il Rusiyanın "Puşkin" medalı ilə təltif olunub. Bu, RAGB-ın və onun liderinin xidmətlərinin etiraf edilməsi deməkdir. Ona mükafatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təqdim edib. Bu, Leyla Əliyevaya verilmiş yeganə Rusiya mükafatı deyil. O, "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə", "Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə" medalları ilə, III dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa" ordeninə layiq görülüb. Bütün bunlar RAGB-ın fəaliyyətinin geniş miqyasına, Moskva çərçivəsindən çıxaraq Rusiyanın bir çox regionlarını əhatə etməsinə sübutdur.

Daha bir təşəbbüs: "Xocalıya ədalət!"

2008-ci ildə Leyla Əliyeva "Xocalıya ədalət!" adlı beynəlxalq kampaniya keçirilməsi təşəbbüsünü irəli sürdü. Kampaniyanın ideyası Leyla xanımın bu sözlərində əksini tapıb: "Gəlin birlikdə həqiqəti təşviq edək. Sübut edək ki, ədalət hökmən zəfər çalacaq".

Kampaniya ilk dəfə olaraq ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına yönəlmiş sistemli maarifçilik və təbliğat işi aparılması üçün pərakəndə səylərini birləşdirdi. Bu kampaniyanın məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağrı-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərməkdir.

Bu gün onlarca ölkədə uğurla həyata keçirilən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub. Kampaniya çərçivəsində keçirilən sərgilər, konfranslar, kütləvi aksiyalar Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmağa, erməni millətçiliyinin eybəcər simasını açıb göstərməyə imkan verir. Bu işdə bütün informasiya resurslarından - Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun çoxsaylı nəşrlərindən, sənədli filmlərdən, sosial şəbəkələrdən geniş istifadə edilir. Səkkiz illik fəaliyyət sanballı nəticələr verib. On ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatının qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ermənilərin cinayətlərini pisləyən dövlətlərin sayı ilbəil artır. Bu isə o deməkdir ki, Leyla Əliyevanın başladığı kampaniya öz məqsədinə çatacaq - ədalət zəfər çalacaq.

IDEA: "Bir Yer kürəsi - bir gələcək"

Vaxtilə bir kitabda oxumuşam: "Əlbəttə, insan təbiətin ağasıdır. Lakin insan təbiəti istismar etməməli, onu başa düşən və bütün canlıların, bütün gözəlliklərin qorunub saxlanmasına və təkmilləşməsinə görə mənəvi məsuliyyət daşıyan varlıq kimi davranmalıdır". Zənnimcə, IDEA (International Dialogue for Environmental Action - Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin yaradılması ideyasının əsasında məhz bu anlam dayanır. Bu təşəbbüsün də müəllifi Leyla Əliyevadır. Onun əsas məqsədi isə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda zəngin təbii müxtəlifliyi qoruyub saxlamaq və müdafiə etmək, gənc nəsil üçün təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verməkdir. IDEA gənclərin enerjisini və biliklərini ekoloji təhlükələrin qarşısının alınmasına yönəltməyə çalışır, onları planetin qorunmasında fəal rol oynamağa həvəsləndirir. IDEA-nın şüarı qarşıya qoyulan bu məqsədi ifadə edir: "Bir Yer kürəsi - bir gələcək". IDEA-nın fəaliyyət miqyası həqiqətən möhtəşəmdir - nəsli kəsilməkdə olan heyvanların müdafiəsi və onların populyasiyasının bərpası, yaşıl texnologiyaların təşviqi, tullantıların idarə edilməsi, meşə zolaqlarının bərpası və geniş yaşıllıq zonalarının yaradılması. Təşkilatın fəalları sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılması, ətraf mühitin plastik tullantılarla çirklənməsinin qarşısını almaq üçün bioloji parçalanan paketlərdən istifadə edilməsi təşəbbüsünü fəal təbliğ edir, davamlı ağacəkmə aksiyaları keçirirlər.

IDEA "Böyük Qafqaz beşliyi"ni müəyyən edərək, regionun faunasının nadir nümayəndələrini - nəsli kəsilməkdə olan qonur ayı, qartal, boz canavar, ceyran və bəbiri himayəyə götürüb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə bir sıra uğurlu layihələr həyata keçirilib, nəticədə bu heyvanların müdafiəsi gücləndirilib, onların yaşayış arealları bərpa olunub, çoxalmaları üçün əlverişli şərait yaradılıb. Leyla Əliyevanın sözlərinə görə, IDEA gələcəkdə nəsli kəsilməkdə olan Qafqaz zubru, Xəzər nərəsi kimi növləri bərpa etməyi, yüz il əvvəl bu regionda yoxa çıxmış Qafqaz pələnglərinin populyasiyasını dirçəltməyi planlaşdırır. Bu planların həyata keçiriləcəyinə əsla şübhə yoxdur. Ötən illər ərzində gördüyü nəcib işlərə əsasən tam əminliklə deyə bilərik ki, öz dahi babası və atası kimi, Leyla Əliyeva da sözünün sahibidir. Onun fəaliyyəti bu sxem üzrə qurulur: problem - onun həlli yollarının axtarışı - konkret fəaliyyət - real nəticə. Bu sxem ahəngdar işləyir və doğrudan da real nəticələr verir.

Aclıq çəkən uşaqlara görə narahatlıq

Təbii ki, bütün bu işlər Leyla xanımı qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olan işgüzar, bacarıqlı və təşəbbüskar insan kimi səciyyələndirir. Bütün bunlarla yanaşı o, qadın zərifliyi və həssaslığının təcəssümüdür. Leyla xanımı tanıyanların hamısı onun qeyri-adi xeyirxahlığını, səmimiyyətini, başqasının halına acımağı bacarmasını bilir və qeyd edir. BMT Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilmiş VII Qlobal Forumundakı çıxışını xatırlayıram. Leyla xanım həyəcanla deyirdi: "Hazırda dünyada hər dörd saniyədə bir insan acından ölür. Aclığın və doyunca yeməməyin qurbanları çox vaxt uşaqlar olur. Ona görə biz çalışmalıyıq ki, dünyada heç bir uşaq acından ölməsin".

Bu sözlər sadəcə dildə narahatlıq ifadəsi deyil. Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi FAO-nun "Aclığa yox deyək!" Proqramının həyata keçirilməsi yolu ilə planetdə yoxsulluğun və aclığın aradan qaldırılmasına töhfə verməyə hazırdır və bunu edir. Yəqin ki, yaxın zamanlarda Leyla Əliyevanın bu sahədə yeni təşəbbüslərinin və konkret layihələrinin şahidi olacağıq. Məsələn, bu yaxınlarda o, mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi çərçivəsində qlobal müstəvidə ərzaq təhlükəsizliyinin təşviqi barədə təkliflə çıxış edib.

Xeyriyyəçilik onun qəlbinin səsidir

Leyla xanımın xeyriyyəçilik fəaliyyəti onun insani keyfiyyətlərinin təzahürüdür. O, bu işlə özünü göstərmək və ya təşəkkür qazanmaq üçün deyil, qəlbinin çağırışı ilə məşğul olur. Yeri gəlmişkən, xeyriyyəçilik Heydər Əliyev Fondunun fəaliyyətinin fəlsəfəsi və ən əsas prioritetlərindən biridir. Artıq insanlar Heydər Əliyev Fondunu, onun prezidenti Mehriban Əliyevanı və vitse-prezidenti Leyla Əliyevanı son ümid yeri hesab edirlər. Onların ümidləri doğrulur, çünki Fond həmişə, hətta ilk baxışda ən çıxılmaz vəziyyətlərdə də kömək əli uzadır.

Leyla Əliyevanı valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar arasında tez-tez görmək olar. Həmişə də onun səmimiyyəti, uşaqlara, onların həyatına, qayğılarına və arzularına ürəkdən gələn marağı riqqət doğurur. Daha bir mühüm məqam: Leyla xanım belə tədbirlərə həmişə öz övladları ilə gəlir və bu, görüşlərin səmimiliyini daha da artırır. Beləliklə, uşaqlar xeyirxahlıq, həssaslıq, öz sevinclərini və kədərlərini başqaları ilə bölüşmək dərsi alırlar. Bu dərslər ömürlük yadda qalır. Leyla xanım hesab edir ki, uşaqları bu cür şəxsi nümunələr əsasında tərbiyə etmək lazımdır.

Şəxsiyyətin əxlaq kodeksi

Çoxdanın deyimidir: istedadlı adam hər işdə istedadlıdır. Leyla Əliyevanın nümunəsində bu deyimin düzgün olduğunu bir daha yəqin edirsən. O, gözəl şeirlər yazır, bu poeziya nümunələrində müəllifin incə, zərif qəlbi, onun daxili aləminin zənginliyi təzahür edir. Bu şeirlərdə o, insanın həyəcan doğuran suallarına cavab tapmağa çalışır, həyat kolliziyalarının qavranma dərinliyi, onların fəlsəfi mənası, nüfuzedici lirizmi oxucunu heyran qoyur.

Leyla Əliyeva həm də istedadlı rəssamdır. Onun rəsm əsərləri peşəkar sərgilərdə nümayiş etdirilir, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hərçənd, əminəm ki, Leyla xanım üçün əhəmiyyətli məqam bu qiymət deyil, öz hisslərini və emosiyalarını, ətraf aləmə öz baxışını kətan və ya kağız üzərində ifadə etməkdir. O, yaradıcı şəxsiyyət və incəsənətə yaxşı bələd olan bir insan kimi istedadlı gənc rəssamların beynəlxalq səviyyəyə çıxmasına, onların öz işlərini dünyanın məşhur rəsm qalereyalarında sərgiləmələrinə kömək edir. Onun Avropa paytaxtlarında "Bakıya uçuş" adlı sərgi seriyası kimi layihələri sayəsində xarici ölkələrdəki sənət biliciləri bizim gənc rəssamlarla tanış olurlar. Muğam, xalçaçılıq və xalqımızın digər qədim sənətləri ilə yanaşı, müasir Azərbaycan incəsənəti də dünyada şöhrətlənir.

Zənnimcə, belə desəm yanılmaram ki, son zamanlar Heydər Əliyev Mərkəzi ölkəmizin mədəni həyatının mərkəzlərindən birinə çevrilib. Burada dünya şöhrətli musiqi kollektivləri çıxış edir, müasir dövrün görkəmli rəssamlarının və heykəltəraşlarının əsərləri sərgilənir. Bu sahədə Leyla Əliyevanın çox böyük xidməti var. Onun səyləri sayəsində Azərbaycan vətəndaşları dünya incəsənətinin əfsanələri sayılan Bernar Büffe, Toni Kreqq, Riçard Dikon, Endi Uorhol, Corc Kondo kimi sənətkarların əsərləri ilə tanış ola biliblər. Bu yaxınlarda Heydər Əliyev Mərkəzində müasir dövrün ən məşhur avanqard rəssamlarından biri olan Corc Kondonun sərgisinin açılışında Leyla xanım qeyd etdi ki, beş il əvvəl bu ustad sənətkarın işlərini ilk dəfə görəndə ürəyindən həmin əsərlərin Bakıda da nümayiş etdirilməsi keçib. O dedi: "Bu gün mənim ən böyük arzularımdan biri həyata keçdi".

Bununla əlaqədar xatırlayıram ki, 1970-ci illərdə və 1980-ci illərin əvvəlində o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında partiya və təsərrüfat fəalları üçün klassik musiqi konsertləri təşkil edilirdi. Beləliklə, insanların dünyagörüşü genişlənir, onlar yüksək incəsənətlə tanış olurdular. Bu, həqiqətən, böyük Heydər Əliyevin maarifçilik missiyası idi. Onun nəvəsi Leyla bu missiyanı qəbul edib və yeni şəraitdə layiqincə davam etdirir.

Leyla Əliyeva müsahibələrinin birində deyib ki, insanın bütün xüsusiyyətləri lap əvvəldən, doğulduğu andan müəyyən olunur. Nəyin düzgün, nəyin yanlış olduğunu anlamaq qabiliyyəti Ulu Tanrı tərəfindən bəxş edilir və həyatda məhz bu anlayışları əsas götürmək, öz qəlbinin, öz vicdanının səsini, əcdadlarının çağırışını dinləmək lazımdır. Yalnız bu halda heç vaxt səhv etməzsən... Bu, müəyyən mənada şəxsiyyətin əxlaq kodeksidir.

Leyla xanım bu kodekslə yaşayır və səhv etmir.

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Şərhlər

Çox oxunanlar