Azay Quliyev vitse-prezident seçildi - VİDEO

05.07.2016 16:19     Siyasi reaksiya     1377

Milli Məclisin üzvü Azay Quliyev ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilib.
 
Səsvermə Parlament Assambleyasının Tbilisidə baş tutan yay sessiyasının sonuncu günündə keçirilib. Onun namizədliyini 119 deputat dəstəkləyib. ATƏT Parlament Assambleyasının prezidenti vəzifəsinə isə Avstriyadan olan deputat Kristin Muttonen seçilib. Bu posta Gürcüstan və Fransa nümayəndələrinin də namizədliyi irəli sürülmüşdü. Azərbaycan nümayəndə heyətinin üzvü isə Litva, Rumıniya və Portuqaliyalı rəqibləri ilə mübarizədə qalib olub. Azay Quliyev bu hadisəni Azərbaycan dövlətinin xarici siyasətinin və diplomatiyasının nailiyyəti kimi xarakterizə edib:
 
"Mən də çalışacağam ki, bütövlükdə bu qurumun gündəliyində olan məsələlərlə bağlı ATƏT PA daha qətiyyətli addımlar atsın. Bu gün ATƏT regionunda çoxlu sayda problemlər, həlli uzanan münaqişələr var. Miqrant, qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemləri var. Üç illik mandatım müddətində çalışacağam ki, bu problemlərin həllinə öz töhfəmi verim. Çalışacağam ki, Azərbaycanın da maraqlarını yüksək səviyyədə qoruyum və mənə göstərilən etimadı doğruldum”.
 
ATƏT Parlament Assambleyasının 25-ci sessiyasının son iclasında Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin daha bir yalanının qarşısını alıb. Erməni deputat çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa çalışıb. Azərbaycan nümayəndə heyətinin üzvləri onun çıxışına tutarlı cavab veriblər. Bildirilib ki, etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın tribunasından meydan kimi istifadə etməsi və yalan bəyanatlar səsləndirməsi təəssüf doğurur.
 
ATƏT Parlament Assambleyasının illik sessiyası yekun bəyannamənin qəbul olunması ilə sona çatıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının yay sessiyasının nəticələrini ölkəmiz üçün uğurlu adlandırıb.
 
Yekun bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin hərbi eskalasiyasından narahatlıq ifadə olunub. ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatı və mexanizmləri çərçivəsində həllində ATƏT sədrliyinin aktiv iştirakı alqışlanır. Sənəddə parlamentarlar Dağlıq Qarabağ münaqişəsi zonasında ədavətin daha da artmasının qarşısını almaq məqsədilə etimad yaradıcı tədbirlərin görülməsi və tərəflərin Minsk Qrupu çərçivəsində hərtərəfli sülh sazişi üzrə danışıqların aparılması istiqamətində iradə nümayiş etdirməsi üçün tərəfləri həvəsləndirməyə çağırılır. 
 
Bəyannamədə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada münaqişə nəticəsində evlərindən didərgin düşmüş insanların  təhlükəsiz şəraitdə evlərinə qayıdışı hüququ təsdiqlənib.

Şərhlər

Çox oxunanlar